вторник, 21 февраля 2012 г.

Azərbaycan diplomatiyasının yeni uğuru erməni informasiya məkanında

Analiz

Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəhbərlik edilən və istiqamətləndirilən Azərbaycan diplomatiyası özünün yeni bir məntiqi və tarixi qələbəsinə nail oldu – Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bununla da  Azərbaycanın müstəqillik və diplomatiya tarixində yeni bir səhifə açıldı.
Bu hadisə Azərbaycan xalqı, Azərbaycanın yaxın və uzaq dostları tərəfindən çox böyük fərəh və sevinclə qarşılandı. Çünki Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurası kimi dünyanın ən mötəbər qurumuna üzv seçilməsi prezident İlham Əliyevin dediyi kimi, respublikanın bütün sahələrində dünyada analoqu olmayan inkişafın, çevik və uğurlu xarici siyasətin, ardıcıl olaraq aparılan müstəqil siyasətin, dünya miqyasında Azərbaycanın dostlarının daha da artmasının, Azərbaycana inamın möhkəmlənməsinin, Azərbaycana etibarlı tərəfdaş və dost ölkə kimi baxılmasının, müstəqil bir dövlət kimi özünü göstərməsinin nəticəsidir.
Bu mötəbər beynəlxalq təşkilata üzv seçilməklə Azərbaycan 20 illik müstəqilliyi ərzində dünya birliyi arasında layiqli yer tutduğunu, dünyanın qlobal siyasətinin müəyyənləşdirilməsində öz sözünü deməyə qadir olduğunu nümayiş etdirdi. Dünyanın 155 ölkəsi Azərbaycanın namizədliyini dəstəklədi. Bitərəf qalan 24 ölkə nəzərə alınmazsa yalnız 13 ölkə Azərbaycanın namizədliyinə səs vermədi ki, onlardan biri də təbii ki, Ermənistan idi.
Bununla Ermənistan Azərbaycanın beynəlxalq aləmdə genişlənən və möhkəmlənən nüfuzu qarşısında yenidən təklənmiş oldu. Bu isə Ermənistanda isterik faciəyə, səbəbi anlaşılan bir çaşqınlığa yol açdı. Azərbaycan diplomatiyasının əldə etdiyi tarixi uğur fonunda Ermənistanın millətçi-təcavüzkar siyasətinin cılızlığı, bu dövlətin rəhbərliyinin  apardığı siyasətin dəyərsizliyi Azərbaycanın artan daxili və xarici qüdrəti qarşısındakı acizliyi bir daha üzə çıxdı. Azərbaycana verilən geniş beynəlxalq dəstəyin mahiyyətinin  təhrif edilməsi, Azərbaycan diplomatiyasının tarixi uğurunun təsadüfi və qeyri-obyektiv amillərdən irəli gəlməsini əsaslandırılması, Ermənistanın uğursuzluğunun pərdələnməsi üçün bu ölkə daxilində böhtan və yalan kampaniyasına yeni bir təkan verildi və həmin böhtan və yalanların daha geniş auditoriyaya çatdırılması üçün erməni informasiya resursları səfərbərliyə alındı.
Qeyd etmək lazımdır ki, Azərbaycana və türkçülüyə qarşı böhtan xarakterli kampaniyanın aparılmasında erməni millətçi dairələrinin kifayət qədər təcrübəsi və imkanları vardır ki, onların nəzarəti altında olan resurslar və vasitələr qloballığı ilə seçilirlər. Bununla belə, erməni təbliğatının məlum təcrübəsi və geniş resursları da Azərbaycan diplomatiyasının uğuru qarşısında vahid bir mövqe formalaşdırıb erməni xislətindən irəli gələn məqsədlərə nail ola bilmədilər. Baxmayaraq ki, erməni informasiya vasitələri bunun üçün dəridən-qabıqdan çıxmaqda, daxili və xarici informasiya məkanını qəlp materiallarla çirkləndirməkdə davam edirlər.
Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun gözdən salınması üçün erməni informasiya məkanına çıxarılan təbliğat materiallarında erməni məntiqsizliyi bir neçə istiqamətdə özünü göstərməkdədir. Erməni təbliğatının köhnə ənənələrinə can verən qələm və fikir sahiblərinin demək olar ki, hamısı Təhlükəsizlik Şurasına üzv seçilmək hadisəsini tamamilə adi, əhəmiyyət kəsb etməyən hadisə olduğunu əsaslandırmağa çalışırlar. Bunun üçün onlar BMT-ni öz nüfuzunu itirmiş, dünya siyasətinin formalaşmasında heç bir rolu olmayan bir qurum kimi xarakterizə edirlər.
Məsələn, "Regnum" informasiya agentliyi erməni politoloqu Sergey Minasyanın dediklərinə istinad edərək BMT-ni soyuq müharibənin nəticəsi, istənilən ölkənin bu quruma üzv ola bilməsini, BMT Baş Assambleyasının qərarlarının məcburi olmadığını, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyin də ciddi əhəmiyyətə malik olmadığını iddia edir. "Pan Armenian" saytının aparıcı mütəxəssislərindən sayılan Karine Ter-Saakyanın fikrincə isə BMT hazırda siyasi qurum yox, maraqlar klubudur. Bu təşkilatın faydası sıfıra bərabərdir, bu təşkilat durğun bir təşkilatdır, Təhlükəsizlik Şurasına üzv seçilmək adi bir rotasiya hadisəsidir. "Noravank" elmi-maarif fondunun direktoru politoloq Qaqik  Arutyunyan isə bəyan edir ki, BMT-nin real siyasətə təsir etmək imkanı yoxdur, bu quruma üzv olmağın heç bir faydası yoxdur, BMT bir qurum kimi artıq öz əhəmiyyətini itirmişdir, bu təşkilatın qərarları yerinə yetirilmir. Q.Arutyunyan bu fikirlərinin davamı kimi etiraf edir ki, "90-cı illərin əvvəllərindən indiyə kimi Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən təcavüzkar qoşunların  çıxarılması ilə bağlı 4 qətnaməni yerinə yetirməmişdir"
Amma bu tipli əsassız mülahizələr elə bir sıra erməni politoloqları tərəfindən təkzib edilir və onlar istər-istəməz BMT-nin rolunun belə kiçildilməsi ilə razılaşmırlar. Məsələn, məlum "Regnum" agentliyi baş redaktorunun müavini, erməni politoloqu Viqen Akopyan yazır ki, BMT Təhlükəsizlik Şurası hazırda ən yüksək beynəlxalq qurumdur və Azərbaycanın bu quruma üzv olmasının təbliğat üçün hesablandığını söyləyən erməni analitiklərinin və politoloqlarının fikirlərini isə o, konyuktur fikir kimi dəyərləndirir. BMT Təhlükəsizlik Şurasına üzv seçilməklə Azərbaycanın mövqelərinin möhkəmlənəcəyinə toxunan "De facto" saytı, habelə BMT-dəki erməni nümayəndəliyinin fəaliyyətinin zəifliyini qeyd edən M.Qriqoryan isə dolayısı yolla BMT Təhlükəsizlik Şurasının dünya siyasətindəki mühüm yerini qeyri-müstəqim şəkildə etiraf etməli olurlar. V.Akopyan onu da əlavə edirdi ki, BMT Təhlükəsizlik Şurası əhəmiyyətsiz bir qurum olsaydı, onda Ermənistan bu quruma üzv olmaq üçün öz namizədliyini irəli sürməzdi. Ona görə müəllif Ermənistanın öz namizədliyini geri götürməsinə təəccübünü də gizlədə bilmir.
Digər erməni politoloqu Marina Qriqoryan da Ermənistanın Təhlükəsizlik Şurasına üzvlüyünə namizədliyini geri götürməsini təəccüblə qarşılayır və hətta onu da iddia edir ki, Ermənistan öz namizədliyini geri götürməsəydi Azərbaycana rəqib olardı (?) və bununla da Azərbaycanın TŞ-na seçilmək şansı xeyli azalardı (4). Heç şübhəsiz ki, V.Akopyan da, M.Qriqoryan da və digər erməni politoloqlarına da yaxşı bəllidir ki, Ermənistan nə üçün öz namizədliyini geri götürmüşdür. Amma bunu sadəcə etiraf etməyə gücləri çatmır.
Sözsüz ki, BMT Təhlükəsizlik Şurasının nüfuzlu və mötəbər bir təşkilat üzvlüyün hər bir dövlətin beynəlxalq imicindən xəbər verdiyini Ermənistanın rəhbərliyi də  yaxşı bilir və buna görə də Ermənistan da Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə öz namizədliyini Şərqi Avropadan irəli sürdü. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, sonradan Ermənistan rəhbərliyi sakitcə öz namizədliyini geri götürdü. Ermənistan rəhbərliyi anladı ki, Azərbaycan qarşısında gücsüzdür. Cənab İlham Əliyevin vurğuladığı kimi, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasət, erməni dairələrinin çirkin əməlləri, məkrli planları dünya birliyi tərəfindən dəstəklənmir, əksinə, bu siyasət dünya birliyi tərəfindən məhkum olunur. Keçiriləcək səsvermədə Ermənistanın səs qazanmaq şansının heçə bərabər olduğunu və bununla biabırçılığa düçar olacağını görüncə Ermənistan rəhbərliyi öz namizədliyini səssizcə geri çəkməli oldu (5).
Ermənistan rəhbərliyi yalnız onunla kifayətlənməli oldu ki, onun yanından ötüb keçən və Azərbaycanın da yer aldığı karvanın ardınca böhtanlar və uydurmalar yağdırsın. Məsələn, Ermənistan prezidenti Serj Sarqsyan sentyabrın 22-də BMT-nin Baş Assambleyasında çıxış edərkən bildirdi ki, BMT-nin dözümlülük, sülh şəraitində birgə yaşayış kimi dəyərləri Azərbaycan tərəfindən təhrif olunmuş şəkildə anlaşılır. Onun sözlərinə görə, belə təhrif nəinki qəbuledilməzdir, hətta buna yol verən bir ölkənin BMT Təhlükəsizlik Şurasına öz namizədliyini irəli sürməsi təhlükəlidir. Ermənistanın xarici işlər naziri E.Nalbandyan da sentyabr ayının əvvəllərində verdiyi müsahibələrindən birində Azərbaycanın Təhlükəsizlik Şurası üzvlüyünə namizədliyi ilə bağlı oxşar fikirlər səsləndirdi (6). Lakin bu fikirlərin nə dərəcədə  dəyərsiz və təsirsiz olduğunu Təhlükəsizlik Şurasının üzvlüyünə aparılan səsvermənin nəticələri əyani olaraq nümayiş etdirdi.
Azərbaycan diplomatiyasının qələbəsi erməni politoloqları və siyasi elitasında  elə bir çaşqınlıq yaradıb ki, fikir məntiqsizliyi, daxili əlacsızlıq və çarəsizlik, primitiv və vulqar ifadə üsulu onların mülahizələrinin əsasında dayanıbdır. Bu isə onsuz da ifrat millətçilikdən uzağı görməyən erməni politoloqlarının növbəti uğursuz cəhdlərinə qarşı gülüş və ironiyadan başqa bir hiss yaratmır. Əslində bu təbiidir. Çünki Azərbaycan dövlətinin ardıcıl uğurları ermənilərin millətçi-təcavüzkarlıq ideoloqlarını bundan sonra da daha nəhəng arzuolunmaz vəziyyətlərə salacaqdır.
Yuxarıda adı çəkilən xanım Karine Ter-Saakyan Azərbaycanın Təhlükəsizlik Şurasına üzv seçilməsini islam ölkələri həmrəyliyi ilə əlaqələndirir. Onun özü 57 islam ölkəsinin Azərbaycanın xeyrinə səs verdiyini bildirir, lakin fərqinə varmır ki, bu səslər Azərbaycanın topladığı səslərin cəmi üçdə biridir. Sonra xanım Ter-Saakyan Azərbaycanın Şərqi Avropanın təmsilçisi kimi seçilməsini nonsens adlandırır və ciddi-cəhdlə iddia  etməyə çalışır ki, Cənubi Qafqaz Avropaya aid deyil və ona görə Azərbaycanın bu bölgədən TŞ-na üzv seçilməsi doğru deyil. Yenə adı çəkilən xanım fərqinə varmır ki, Ermənistan da öz namizədliyini bu bölgədən vermişdi və Ermənistan rəhbərliyi həmişə ciddi cəhdlə çalışırlar ki, Qarabağ problemi də məhz Avropa strukturları çərçivəsində həll olunsun və bu məsələ başqa beynəlxalq qurumlara yol açmasın. Siyasətdənsə nəticələrinin tərbiyəsi ilə məşğul olmalı olan xanım Ter-Saakyan sonra da inandırmağa çalışır ki, BMT üzvü olan ölkələrin satın alınması üçün Ermənistanın vəsaiti çatmadığı üçün TŞ-na üzv seçilə bilmədi.
Qafqaz institutunun direktor müavini politoloq Sergey Minasyan da Azərbaycanın diplomatik uğurunu islam təəssübkeşliyi, maliyyə amili ilə əsaslandırmağa çalışır və gələcəkdə maliyyə ehtiyatlarının Azərbaycana xeyir gətirməyəcəyini də proqnoz edir. Politoloq özünə və erməni informasiya  istehlakçılarına təskinlik səxavəti nümayiş etdirərək  söyləyir ki, Azərbaycanın bu uğurunun erməniliyə heç bir təhlükəsi yoxdur. Ermənistan parlamentinin üzvü Eduard Şarmazanov və "Noravank" fondunun direktoru Qaqik Arutyunyan da Azərbaycan diplomatiyasının uğuru haqqında oxşar məntiqsiz fikirlər söyləyirlər. Q.Arutyunyan Azərbaycanın bu uğurunu gecikmiş bir uğur hesab edir və ona görə də Ermənistanın bu hadisəyə reaksiya verməməsini məntiqli hesab edir. Başqa bir erməni siyasətşünası Riçard Kirokosyan isə daha orijinal fikir söyləyərək Azərbaycanın uğurunu Azərbaycanın coğrafi mövqeyi ilə əlaqəndirir. Bunun nə demək olduğunu yəqin ki, heç müəllifin özü də aydın təsəvvür etmir. Ermənistanın Ramkavar-Azatakan partiyası idarə heyətinin rəhbəri Arutyun Arakelyan  Təhlükəsüzlik Şurasına seçilməklə Azərbaycanın özünü tələyə saldığını və Ermənistanın da bundan bəhrələnməli olduğunu bəyan edir. "Avropa inteqrasiyası" ictimai təşkilatının rəhbəri Karen Bekaryan da orijinal məntiqsizlik göstərməkdə öz həmkarlarından heç də geri qalmır. Onun sözlərinə görə, Azərbaycan özünü beynəlxalq qınaqlardan qorumaq üçün Təhlükəsizlik Şurasına üzv seçilməyə nail olub. Saqatel Bakveşinyan adlı birisi isə Azərbaycanın TŞ-na üzv seçilməsini az qala Azərbaycanın uğursuzluğu və Ermənistanın qələbəsi kimi dəyərləndirir və bu hadisəyə ermənilərin sevinməli olduğunu iddia edir. Özü də adı çəkilən şəxs bu məntiqsizliyini erməni əxlaqına xas olan çox saylı qeyri-etik ifadələrlə erməni auditoriyasına çatdırır (8).
Lakin vəziyyətin heç də belə olmadığı Azərbaycanın sürətli inkişafını izləyən hər bir təfəkkür sahibinə, o cümlədən bu keyfiyyəti hələ tamamilə itirməmiş bəzi erməni politoloqlarına da yaxşı məlumdur. Böyük dövlətlərin liderlərinin, mötəbər beynəlxalq qurumların mövqeləri, tanınmış politoloqların mülahizələri də elə bundan xəbər verir. Bütün bunlar barəsində Azərbaycanın informasiya vasitələrində hər gün çoxlu materiallarla rastlaşmaq mümkündür. Bunlar sözsüz ki, erməni ideoloqlarının gözündən qaçmır və ona görə onlar həyəcan təbilini də çalmağı unutmurlar. Məsələn, V.Akopyan etiraf etməyə məcbur olur ki,  TŞ-na üzv olmaq Azərbaycana öz maraqlarını, o cümlədən Dağlıq Qarabağ məsələsini dünya ölkələri ilə tənzimləməyə əlavə imkanlar açacaq, mühüm beynəlxalq məsələlərin müzakirəsi zamanı səsvermə hüququ əldə edəcəkdir. Sonra o təsdiq edir ki, Qarabağ ətrafında mövcud olan status-kvonun dəyişdirilməsi üçün Azərbaycan ictimai və informasiya müstəvisində məqsədyönlü fəaliyyət aparır və TŞ-na üzv olmaq da Azərbaycanın bu taktikasının bir elementidir. Ermənistan parlamentinin üzvü Karen Xaçatryan Azərbaycanın TŞ-na üzv seçilməsini ciddi bir hadisə kimi qarşılayır və istisna etmir ki, TŞ-na üzv seçilən Azərbaycan bu strukturda Ermənistanın təcavüzkar bir dövlət olmasını müzakirəyə çıxara bilər. Bu isə Ermənistan üçün ağrılı bir hal olardı. "De facto" saytı istəməsə də Azərbaycan diplomatiyasının daha uğurlu fəaliyyət göstərdiyini yazmalı olmuşdur. Sayta görə, Azərbaycanın TŞ-na üzv seçilməsinə ehtiyatla, hətta ironiya ilə yanaşmaq olar. Lakin bu fakt ermənilər üçün  xoş olmayan bir faktdır və bu reallığı qiymətləndirməmək olmaz. Ermənistan prezidentinin keçmiş müşaviri Arman Melikyana görə, Azərbaycanın TŞ-na üzv seçilməsi ilə əlaqədar olaraq erməni cəmiyyəti hazırda faciə içərisində yaşayır. Onun fikrincə, Ermənistan dövləti öz xarici siyasətini gücləndirməsə, onda baş verənləri müşahidə etməklə kifayətlənməli olacaqdır. Daşnaksütyun partiyasının Ermənistan parlamentindəki nümayəndəsi Vahan Ovannesyan isə Azərbaycan diplomatiyasının uğurunu ermənilik üçün ciddi narahatçılıq doğuracaq bir hadisə kimi xarakterizə edir və tezliklə bu faktın acı nəticələri ilə qarşılaşacaqlarını istisna etmir. V.Ovannesyan nigərançılıqla bəyan edir ki, Azərbaycan TŞ-na üzv seçilməklə yeni imkanlar əldə etmiş və ən azı bu qurumun gündəliyinin formalaşdırılmasında iştirak edəcəkdir.
Erməni politoloqları və ideoloqları belə orijinal açıqlamaları ilə yəqin ki, gələcəkdə də erməni informasiya məkanını "zənginləşdirməkdə" davam edəcəklər. Çünki  Azərbaycan dövlətinin beynəlxalq arenada əldə etdiyi yeni-yeni uğurlar buna səbəb olacaqdır. Başıbəlalı qonşularımızın  bütün böhtanlarına, qarayaxmalarına baxmayaraq isə Azərbaycan  öz yolu ilə inamla irəliləməkdədir.

Nəsrin Süleymanlı
 
Səs İnformasiya Agentliyi

Комментариев нет:

Отправить комментарий