пятница, 9 марта 2012 г.

ERMƏNİSTANIN DAĞLIQ QARABAĞLA BAĞLI İNFORMASİYA-TƏBLİĞAT FƏALİYYƏTİNİN HÜQUQİ, SİYASİ VƏ TARİXİ ASPEKTLƏRİ

Dağlıq Qarabağ münaqişəsi XX əsrin sonunda SSRİ məkanında yaradılmış ilk  etnik separatizm nümunəsi olmaqla bərabər, həm də ilk informasiya qarşıdurmasının bariz nümunəsidir. Bu münaqişənin meydana atılmasında, onun inkişafında, regional və qlobal problemə çevrilməsində informasiya amili, daha dəqiq deyilsə, “blokadası” böyük rol oynamışdır. Bu da təsadüfi deyildir. Çünki bu amil hazırda dünyada mövcud olan bütün etnik münaqişələrin və onun ətrafında cərəyan edən proseslərin idarə edilməsinin ən təsirli vasitələrindən biridir.
İstər Dağlıq Qarabağ münaqişəsinin, istərsə də digər ictimai-siyasi proseslərin idarə edilməsində informasiyanın rolunun son dərəcə artması müasir qloballaşan dünyada informasiyanın əhatə dairəsinin, qısa zaman ərzində daha geniş kütləyə təsir etmək imkanının artması ilə bağlıdır. İnformasiyanın əldə edilməsi, onun istehsalı və yayılmasının çevikliyi dövlətin və ya müvafiq qurumların güc göstəricilərinin biri kimi tanınmaqdadır. Təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatlarının Hərbi doktrinasında informasiya dövlətin dörd güc mənbəyindən biri kimi xarakterizə olunmuşdur. Dövlətin digər güc mənbələri kimi isə diplomatiya, iqtisadiyyat və hərbi qüvvə göstərilmişdir (1).
Öz mahiyyəti etibarilə informasiya həm də təbliğatın aparılması üçün bir vasitədir. Təbliğat fəaliyyəti əhatəsi etibarilə informasiyaya nisbətən daha geniş sahəsini əhatə edir. İstifadə edilmə məqamından asılı olaraq informasiya özündə təbliğat yükünü də daşıya bilər və çox zaman bu iki fəaliyyət sahəsi bir-birini sıx şəkildə tamamlayır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yayılan informasiyanın da təbliğati mahiyyəti güclü olduğu üçün hazırki yazıda da daha çox informasiya-təbliğat fəaliyyəti diqqət mərkəzində saxlanılmışdır.
Dağlıq Qarabağ münaqişəsinin bütün inkişafı boyu informasiyaların məqsədyönlü və əhatəli şəkildə istifadə edilməsini, xüsusilə son illərdə münaqişə ətrafında cərəyan edən hadisələrin əsasən informasiya müstəvisinə keçirilməsini bu münaqişənin xarakterik xüsusiyyətlərindən biri kimi qiymətləndirmək olar. Çünki etnik münaqişənin informasiya təminatını  məqsədyönlü şəkildə qurmaqla aşağıdakıları əldə etmək mümkündür:
-          Münaqişənin qabaqlanması və ya onun qızışdırılması;
-          Münaqişə ilə bağlı geniş ictimai fikrin  formalaşdırılması;
-          Münaqişənin lokallaşdırılması və ya onun beynəlxalq müstəviyə çıxarılması;
-          Qarşı tərəfin ictimai və siyasi fikrinə təsir göstərilməsi;
-          Münaqişənin həllinə məqsədyönlü şəkildə təsir göstərilməsi;
-          Münaqişənin dinc həllinin və ya hərbi müstəviyə keçirilməsinin yaxınlaşdırılması.
İnformasiyanın məzmunu onu istehsal edən mənbənin istəyi və qarşısına qoyduğu vəzifə ilə birbaşa bağlı olduğu üçün Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin həyata keçirdiyi informasiya-təbliğat siyasətinin xarakterində də fərqlilik mövcuddur. Diqqət edilərsə, hətta münaqişənin ilkin mərhələsi ilə son mərhələsində  aparılan informasiya-təbliğat siyasətinin məzmununda bir fərqlilik vardır. Bu məsələ xüsusilə Ermənistanın informasiya-təbliğat siyasətinə aiddir. Çünki Dağlıq Qarabağ münaqişəsinin başlanğıcında Ermənistanın informasiya-təbliğat siyasəti Azərbaycan Respublikasına qarşı ərazi iddialarının əsaslandırılmasına, işğala hazırlıq və işğal prosesinin pərdələnməsinə, erməni cəmiyyətinin də Azərbaycana qarşı başlanacaq işğala cəlb edilməsinə və bu tipli vəzifələrin icrasına istiqamətlənmişdisə, münaqişənin son dövründə aparılan informasiya-təbliğat siyasəti Azərbaycan ərazilərinin işğalının və bu ərazilərdə aparılmış etnik təmizlənmənin qanuniləşdirilməsinə, işğal edilmiş ərazilərdə yaradılmış qondarma separatçı qurumun beynəlxalq aləmə qəbul etdirilməsinə istiqamətlənmişdir.
Dağlıq Qarabağ münaqişəsinin informasiya-təbliğat təminatından danışarkən qeyd etmək lazımdır ki, tərəflər bu məsələyə fərqli hazırlıq səviyyəsində yanaşmışdılar. Bu məsələnin qaldırılması Azərbaycan tərəfi üçün gözlənilməz olmuşdusa, erməni tərəfi üçün  bu heç də belə deyildi.  Dağlıq Qarabağda millətçi separatizmin qısa zaman ərzində geniş vüsət alması əslində Ermənistan rəhbərliyinin, erməni kilsəsinin və erməni millətçi dairələrinin neçə onilliklər ərzində sovet məkanında apardığı fəaliyyətin məntiqi davamı idi. SSRİ dövründə ölkənin bütün informasiya vasitələri dövlətin inhisarında olduğu üçün erməni millətçi dairələrinin separatçı fəaliyyəti ictimaiyyətdən gizli saxlanılırdı. Lakin SSRİ-nin süqutu ilə informasiya vasitələrinin və informasiyaya nəzarətin dövlətin monopoliyasından çıxarılması ilə Ermənistan rəhbərliyinin və erməni kilsəsinin Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün hansı fəaliyyət aparmaları da ictimaiyyətə bəlli oldu (2). Həmin faktlar onu göstərirdi ki, Azərbaycana qarşı ərazi iddiaları sovet beynəlmiləlçiliyinin geniş təbliğ edildiyi illərdə belə erməni dairələrinin və kilsəsinin gündəmindən kənarda qalmamışdı.
M.S.Qorbaçovun rəhbərliyi dövründə yenidənqurma və aşkarlıq şüarları altında ölkə həyatının demokratikləşdirilməsi cəhdi erməni millətçi dairələrinin fəallaşmasına yeni bir təkan verdi. Xüsusilə, cəmiyyətdə bir çox hallarda məqsədi bilinməyən ictimai qurumların yaradılmasına icazə verilməsi, belə qurumlar ətrafında millətçi elementlərin toplaşması, informasiyaya ideoloji inhisarın aradan qaldırılması Azərbaycana qarşı ərazi iddialarının irəli sürülməsinə əlverişli şərait yaratdı. Erməni millətçi dairələri məhz informasiyadan məharətlə istifadə edərək bölgədə və ölkədə yeni bir situasiya yaratdılar. Ermənistanda və Dağlıq Qarabağda etnik zəmində qarşıdurma gücləndi, Azərbaycanın ictimai-siyasi həyatında gərginlik yüksək həddinə çatdı.
Erməni millətçi dairələri Azərbaycan Respublikasına qarşı ərazi iddialarının əsaslandırılması və bu iddiaların erməni birliyinə qəbul etdirilməsi üçün ölkə daxilində və xaricində total informasiya müharibəsinə başladılar. Onlar şübhə etmirdilər ki, informasiya-təbliğat kampaniyasının kütləviliyinə nail olmadan erməni birliyinin millətçi hisslərini qızışdırmaq, erməni cəmiyyətini Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına hazırlamaq mümkün deyildir. Çünki hadisələrin iştirakçısı olan erməni ziyalılarının etiraf etdiyi kimi, SSRİ-nin süqutu ərəfəsində Ermənistan əhalisinin 90 faizinin Dağlıq Qarabağdan heç xəbəri yox idi (3).
Dağlıq Qarabağla bağlı İrəvanda mitinqlərin başlandığı zaman ermənilərin çoxunun məsələnin mahiyyətindən xəbərdar olmadığını Tomas de Vaal da təsdiq edir.  Bu məsələ ilə bağlı o, Dağlıq Qarabağ münaqişəsi haqqında yazdığı kitabında Zoya Şuqaryan adlı bir Qarabağ ermənisi ilə olan söhbətini xatırladır. Həmin xanım bildirirdi ki, hadisələr başlayanda işi-gücü ətrafındakılara Dağlıq Qarabağın harada yerləşdiyini öyrətmək idi. Çünki Dağlıq Qarabağ məsələsi sadə İrəvan əhalisini elə də maraqlandırmırdı. Lakin qısa müddət ərzində Dağlıq Qarabağ məsələsi İrəvanda kütləviləşməli oldu (4). İrəvan əhalisinin belə tezliklə Dağlıq Qarabağ təəssübkeşinə çevrilməsində heç şübhəsiz ki, erməni millətçi dairələrinin geniş informasiya-təbliğat fəaliyyətinin böyük təsiri var idi.
            Azərbaycan Respublikasına qarşı ərazi iddiaları ideyasının ümummilli psixoza çevrilməsinə nail olmadan qarşıya qoyulan məqsədə çatmağın mümkün olmadığını erməni millətçiləri yaxşı bilirdilər. Ona görə də erməni millətçi dairələrinin informasiya-təbliğat maşını işə salındı, qatı millətçilik ideyaları altında Dağlıq Qarabağın Azərbaycandan qoparılması tələbi kütlənin beyninə yeridildi. Erməni informasiya-təbliğat kampaniyasının genişlənməsi istiqamətində atılan bütün addımların  qızışdırıcı millətçilik üzərində qurulması isə bu prosesin kütləviləşməsinə rəvac verdi (5).
Hadisələrin başlanğıcında, yəni 1988-ci il fevralın əvvəllərində erməni millətçi dairələri tərəfindən Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün aparılan informasiya siyasətində müəyyən ehtiyatlı taktikaya əl atılmışdı. İrəvanda təşkil edilən ilk icazəsiz mitinqlər “Lenin-partiya-Qorbaçov”, “Yenidənqurma, demokratikləşmə, aşkarlıq” şüarları altında keçirilir, meydanlara V.İ.Leninin və M.S.Qorbaçovun portretləri gətirilir, çıxış edənlər Lenin milli siyasətinin prinsiplərindən söz açırdılar (6). Sevan gölünün vəziyyəti, Metsamor Atom Elektrik Stansiyasının ekoloji təhlükəsi, İrəvanın ekologiyasının vəziyyəti, “Nairit” kimya kombinatının zərərləri kimi mövzular bu mitinqlərin müzakirə mövzularından idi (7).
Amma tezliklə bu informasiyaların keçid xarakter daşıdığı aydın oldu. Çox az zamandan sonra mitinqlərə toplaşan kütlə millətçi-separatçı informasiyalar üzərində köklənməyə başlandı. 1988-ci ilin fevral ayında keçirilən mitinqlərin birinə ekologiya, yenidənqurma-aşkarlıq siyasəti haqqında şüarlarla bərabər “Qarabağ Ermənistanın tarixi ərazisidir” şüarı da çıxarıldı. Növbəti mitinqlərdə isə Qarabağın Azərbaycandan qoparılmasını tələb edən şüarların sayı artırıldı. Bununla da kütləyə verilən informasiyanın mövzusunda ciddi dəyişiklik edildi (8).
İnformasiya-təbliğat fəaliyyətində erməni millətçilərinin ilkin olaraq ehtiyatlı taktikaya əl atması heç də təsadüfi deyildi. M.S.Qorbaçova yaxınlığı ilə seçilən akademik A.Aqanbekyanın 1987-ci ilin sonlarında Fransada “Humanite” qəzetinə Dağlıq Qarabağın Ermənistana verilməsinin məqsədəuyğunluğu haqqında danışması, 1988-ci ilin əvvəllərində Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında Moskvaya 10 minlərlə müraciətlərin göndərilməsi, erməni nümayəndələrinin ölkə rəhbərliyi ilə görüşləri, erməni millətçilərinin radio və televiziya ilə çıxışları Dağlıq Qarabağın dinc yolla Azərbaycandan qoparılacağı təsəvvürü yaratmışdı (9). Lakin bu təsəvvürlərin doğru olmadığı aydınlaşanda kütləvi mitinqlərdə aparılan informasiya-təbliğat işlərinin mövzusu da dəyişdirildi.
Azərbaycan Respublikasına qarşı ərazi iddiaları ilə bağlı proseslərin ilkin başlanğıcında erməni millətçilərinin informasiya-təbliğat fəaliyyətinin mövzusu əsasən ayrı-ayrı millətçilərin çıxışlarının motivləri əsasında formalaşdırılırdı. Məsələn, A.Aqanbekyanın, Silva Kaputikyanın, Zori Balayanın ənənəvi erməni millətçiliyi və “Böyük Ermənistan” üzərində qurulan çıxışları  informasiya-təbliğat işinin ümumi istiqamətlərinin müəyyənləşməsini şərtləndirirdi. Məlumdur ki, bu  adları çəkilən, eləcə də digər millətçilərin çıxışları əsasında hazırlanan 10 min vərəqə fevral ayının 13-də Dağlıq Qarabağ ərazisinə göndərildi və Xankəndi sakinləri arasında yayıldı (10).
Həmin vərəqələr  Qarabağ əhalisi arasında ilk yayılan vərəqələr deyildi. Mövcud olan faktlara görə, 1988-ci ilin yanvarında da Qarabağ erməniləri arasında millətçi-separatçı çağırışlarla dolu olan vərəqələr yayılmışdı. Həmin vərəqələrdə Qarabağda yerləşən bütün təşkilatlara, kolxoz və sovxozlara, partiya, komsomol və həmkarlar təşkilatlarına Qarabağın Ermənistanla birləşdirilməsi tələbi ilə toplantılar keçirilmək çağırışı edilirdi. Məsləhət görülürdü ki, bütün toplantılar demokratiya və aşkarlıq şəraitində keçirilsin və bu təşkilatların qərarları Sov.İKP MK-ya göndərilsin (11).
İstər ayrı-ayrı liderlərin çıxışları, istərsə də əhali arasında yayılan informasiya-təbliğat materiallarının mövzusunun ana xəttini Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün separatçı meyillərin gücləndirilməsi təşkil edirdi.
1988-ci ilin fevralında İrəvanda “Qarabağın Birləşdirilməsinin Təşkilat Komitəsi” (“Qarabağ” komitəsi) yaradıldı. Bu komitənin ilk heyətindəki üç nəfər İrəvanı, 6 nəfər isə Dağlıq Qarabağı təmsil edirdi. Həmin 6 nəfər də Dağlıq Qarabağın rayonlarında yerli əhalinin separatçı hərəkata hazırlanmasını öz üzərinə götürməli idi. 1988-ci ilin mart ayının 2-də isə Dağlıq Qarabağda “Krunk” komitəsi yaradıldı. Bu komitəyə yerli ermənilərdən seçilsə də, onun fəaliyyəti “Qarabağ” komitəsinin üzvlərinin iradəsi ilə müəyyənləşirdi (12).
İrəvanda yaradılmış olan “Qarabağ” komitəsi millətçi informasiya-təbliğat fəaliyyəti nəticəsində qısa müddət ərzində  Ermənistanın ictimai-siyasi həyatında aparıcı rolu ələ keçirdi. Bir müddətdən sonra “Erməni Ümummilli Hərəkatına” çevrilən bu qurum ölkə ərazisində hakim kommunist ideologiyasının millətçi-separatçı ideologiyaya çevrilməsinə nail oldu. Qarabağda isə “Qarabağ” komitəsi tərəfindən idarə olunan “Krunk” cəmiyyəti yerli hakimiyyət strukturları ilə qovuşaraq Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində kütləvi tədbirlərin genişlənməsinə rəvac verdi.
Yuxarıda adları çəkilən qurumlar formalaşandan sonra Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda başlanan millətçi-separatçı hərəkata da  bir təşkilatlanma gətirildi. Erməni tədqiqatçıları və siyasətşünasları da bu təşkilatların nəzarəti altında güclənən millətçi-separatçı  hərəkatın iki mərhələdən keçdiyini bildirirlər. Birinci mərhələ - Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyası ətrafında fəaliyyət. İkinci mərhələ isə - Dağlıq Qarabağa müstəqillik verilməsi ideyası ətrafında fəaliyyət (13). Bu isə öz növbəsində o demək idi ki, hər mərhələyə uyğun olan informasiya-təbliğat siyasəti izlənilirdi. Nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağın Ermənistana zorla birləşdirilməsi, bu bölgəyə terrorçu dəstələrin göndərilməsi, onların müxtəlif yollarla silahlandırılması, Dağlıq Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə aparılması və digər yollar da erməni millətçi hərəkatının gündəliyində idi, onda erməni informasiya-təbliğat siyasəti də bütün bu planların əsaslandırılmasına istiqamətlənmişdi.
1988-1989-cu illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti və Ermənistan SSR-in Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında bir neçə qərar qəbul etdi. Bu qərarların qanuniliyinə toxunmadan qeyd etmək lazımdır ki, onlar eyni zamanda erməni millətçi-separatçı hərəkatının informasiya-təbliğat siyasəti üçün hüquqi  dəhliz xarakteri daşıyırdı. Bu qərarlar əslində erməni millətçi hərəkatının həm mahiyyətini, həm niyyətini, həm də qarşısında dayanan vəzifələri müəyyənləşdirmiş olurdu. Erməni informasiya-təbliğat siyasətinin istiqamətləri də məhz bu vəzifələrdən irəli gəlməli idi.
1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırılması haqqında” qərar qəbul etdi. Həmin qərarda deyilirdi ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin istəklərini nəzərə alaraq bu vilayətin Ermənistana verilməsi Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin (14).
1988-ci ilin mart ayında Azərbaycan KP Dağlıq Qarabağ vilayət partiya komitəsi də öz plenumunda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin müdafiə edilməsi haqqında qərar qəbul etdi. Qərarda deyilirdi ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsinin müsbət həll edilməsi Sov.İKP MK Siyasi Bürosundan xahiş edilsin. Plenum iştirakçılarının fikrincə belə olardısa, onda Qarabağın ərazi mənsubiyyətinin müəyyənləşdirilməsi haqqında XX əsrin 20-ci illərində buraxılmış səhv də aradan qaldırılmış olardı (15).
1988-ci il iyun ayının 15-də Ermənistan SSR Ali Sovetinin növbəti sessiyasında Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatlar Sovetinin 20 fevral 1988-ci tarixli iclasının qərarına baxdı. Erməni deputatları qərara aldılar ki, Dağlıq Qarabağda və onun ətrafında mövcud olan gərgin vəziyyəti və Dağlıq Qarabağın və Ermənistan SSR-in əhalisinin iradəsini nəzərə alaraq, habelə millətlərin öz taleyini azad şəkildə müəyyənləşdirmək haqqında SSRİ Konstitusiyasının 70-ci maddəsini nəzərə alaraq Dağlıq Qarabağ Muxtar Vilayətinın Ermənistanın tərkibinə daxil edilməsinə razılıq verilsin (16).
1988-ci il iyul ayının 12-də keçirilən sessiyasında da Dağlıq Qarabağın Xalq Deputatları Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxdığını elan etdi. Vilayətin erməni deputatları yaranmış vəziyyətdə yeganə çıxış yolunu Ermənistan SSR Ali Sovetinin 15 iyun 1988-ci il tarixli qərarının icrasında gördülər. Başqa sözlə, onlar bir daha Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üzərində dayandılar (17).Baxmayaraq ki, 1989-cu ilin yanvarında Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarəetmə formasının tətbiqinə başlandı, bununla belə erməni millətçi separatçıları Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi ideyasından əl çəkmədilər. Dağlıq Qarabağın silahlandırılması ilə bərabər, yerli və İttifaq mətbuatında müvafiq informasiya-təbliğat işlərini də xeyli genişləndirdilər. 1989-cu il dekabr ayının 1-də Ermənistan SSR Ali Soveti öz iclasında “Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında” qeyri-qanuni və mahiyyəti etibarilə separatçı-təcavüzkar bir qərar qəbul etdi (18). Bununla, Ermənistanın ali qanunvericilik orqanı Azərbaycana qarşı ərazi iddialarını və Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsini qanunvericilik şəklində bütün cəmiyyət qarşısında tarixi vəzifə kimi elan etdi. Baxmayaraq ki, qondarma Dağlıq Qarabağ adlı qurumun rəhbərləri sonradan bəyan edirdilər ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi yoxdur. İddia olunurdu ki, mövcud münaqişə Ermənistanla Azərbaycan arasında olan münaqişə deyil. Bu münaqişə Azərbaycanla Qarabağ arasında başlanıb, Bakı isə Ermənistanı bu münaqişəyə cəlb etməyə nail olubdur (19).
SSRİ-nin dağılması ərəfəsində Ermənistan Ali Sovetinin qəbul etdiyi “Ermənistanın müstəqilliyi haqqında Deklarasiya”da da Ermənistan SSR Ali Sovetinin 1 dekabr 1989-cu il tarixli qərarına istinad olunur və Azərbaycanın beynəlxalq miqyasda tanınan Dağlıq Qarabağ bölgəsi müstəqil Ermənistanın tərkib hissəsi  elan edilirdi (20).
Bütün bu sadalanan rəsmi sənədlərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi tələbi mahiyyət etibarilə özündə hüquqi, siyasi və tarixi məqamları əks etdirməklə erməni informasiya-təbliğat fəaliyyətinin də ana xəttini təşkil edirdi. Lakin Ermənistanın Azərbaycana qarşı açıq ərazi iddiaları Azərbaycanda olduğu kimi, beynəlxalq aləmdə də qəbul edilmədi. Hətta erməni millətçilərinin bütün ümidlərinə baxmayaraq, həm SSRİ rəhbərliyi, həm də SSRİ məkanında formalaşan yeni respublikaların rəhbərləri də Azərbaycanın ərazilərinin bir hissəsinin qeyri-qanuni yolla Ermənistana birləşdirilməsi iddiasına dəstək vermədilər.
Bir sıra dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasının tanınmış sərhədlərinin zorla pozulmasına etirazları, münaqişənin həlli ilə bağlı Minsk qrupunun yaradılması, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr və digər sənədlər (21) Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasının beynəlxalq aləmdə qəbul olunmayacağına şübhə yeri qoymadı. Belə olanda erməni millətçiləri Dağlıq Qarabağın müstəqil quruma çevrilməsi ideyasının aktuallaşdırılmasına cəhd göstərdilər. Bununla bağlı 1991-ci ilin sonlarından etibarən Dağlıq Qarabağda referendum keçirilməsi, sonradan isə Dağlıq Qarabağın müstəqillik deklarasiyasının elan edilməsi təcavüzkar erməni millətçi separatizminin yeni şəraitə uyğunlaşması demək idi.
1991-ci ilin sonlarından-1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistanın Dağlıq Qarabağla bağlı informasiya-təbliğat siyasəti də məhz bu müstəvi üzərinə keçirildi.  Qeyd etmək lazımdır ki, münaqişənin davam etdiyi müddətdə heç bir ölkə və beynəlxalq təşkilat, o cümlədən heç Ermənistanın özü də Dağlıq  Qarabağın müstəqilliyini tanımamışdır. Əksinə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnaməsində Azərbaycanın ərazi bütövlüyü təsdiq olunmaqla ərazilərin zorla işğalının yolverilməzliyi qeyd olunubdur. Bundan başqa Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı və digər qurumlar da Azərbaycanın ərazi bütövlüyünü tanımaqla işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına çağırıblar (22). Bu isə bütünlükdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın informasiya-təbliğat siyasətinin obyektivlikdən uzaq olduğunun göstərircisidir.
Bununla belə, azərbaycana qarşı işğalçılıq siyasətini pərdələmək və ona haqq qazandırmaq üçün Ermənistanın müvafiq informasiya-təbliğat siyasətini həyata keçirməkdədir. Bunun üçün çoxsaylı tezislər irəli sürülür, bu tezislərin kütlələlərə çatdırılması üçün çoxsaylı şəbəkələrdən istifadə olunur. Qeyd etmək lazımdır ki, bu istiqamətdə erməni informasiya-təbliğat maşını kifayət qədər fəal mövqeyə malikdir. Bunun da heç şübhəsiz ki, öz səbəbləri vardır. Dağlıq Qarabağla bağlı erməni informasiya-təbliğat maşınının  xeyli fəal işləməsinin iki təkanverici qüvvəsi vardır. Bunlardan biri Ermənistan siyasəti, digəri isə erməni ənənəvi  millətçiliyidir. Ermənistanın informasiya-təbliğat maşınının fəaliyyət istiqamətləri əsasən dövlətin apardığı siyasətlə müəyyənləşir. Lakin o da qeyd edilməlidir ki, müasir dövrdə Ermənistan dövləti ermənilərə məxsus olan bütün informasiya vasitələrinə nəzarət etmir. Ermənistanın dövlət nəzarətindən kənarda olan informasiya vasitələrində, xüsusilə ölkə xaricindəki informasiya vasitələrində aparılan informasiya-təbliğat işləri ənənəvi erməni millətçiliyi tərəfindən idarə olunur. Əslində, Azərbaycan Respublikasına qarşı işğalçı siyasətində Ermənistan dövlətinin siyasəti ilə dünya ermənilərinin millətçi-təcavüzkar mövqeyi arasında elə bir fərq yoxdur. Hətta qonşu dövlətlərə ərazi iddiaları ilə bağlı məsələdə erməni diasporunun daha radikal mövqe tutmasının şahidi olmaq mümkündür. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyata keçirilən informasiya-təbliğat fəaliyyətində isə Ermənistan dövləti ilə erməni diasporu arasında tam bir vəhdət mövcuddur.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətraf rayonlarının işğalının pərdələnməsi və qanuniləşdirilməsi üçün erməni informasiya-təbliğat siyasətinin geniş hüquqi, siyasi və tarixi əsasları da hazırlanmışdır. Xüsusilə son illərdə Ermənistanın qanunvericilik sənədlərində bütün beynəlxalq normalara zidd olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yer tapmasının mövcud münaqişənin informasiya-təbliğat təminatı üçün hüquqi baza kimi qəbul etmək olar. Bu qanunvericilik sənədlərində Ermənistan Respublikası Azərbaycan Respublikasının tərkib hissəsi olan Dağlıq Qarabağla bağlı üzərinə xeyli sayda qeyri-qanuni öhdəliklər götürmüşdür. Bu isə öz növbəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan informasiya-təbliğat siyasətinin hüquqi bazasını təşkil edir. Məsələn, “Ermənistan Respublikasının Milli Təhlükəsizlik Strategiyası”nda qeyd olunur ki, Ermənistan Respublikasının milli təhlükəsizliyinin əsas vəzifəsi Qarabağ konfliktinin nizamlanmasıdır (23). Erməni təbirində bu vəzifə - Dağlıq Qarabağın Azərbaycandan qoparılması deməkdir. Çünki ermənilər Dağlıq Qarabağ münaqişəsinin başqa cür nizamlanmasını qəbul etmirlər. Deməli, münaqişə ilə bağlı informasiya-təbliğat siyasətinin də bu zəmində aparılması informasiya-təbliğat maşınının qarşısında dayanan başlıca vəzifəsidir.
“Ermənistanın Milli Təhlükəsizlik Strategiyası”nda daha sonra deyilir ki, Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına və  Dağlıq Qarabağ Respublikasına qarşı silahlı qüvvələrin tətbiqi ilə bağlı açıq hədələr səslənir. Erməni strateqlərinin fikrincə, Ermənistan belə hədələrin cavabını verməyə hazır olsa da, ən yüksək səviyyədə səslənən həmin hədələr Ermənistana qarşı birbaşa təhdid olaraq qalmaqdadır. Daha sonra bildirilir ki,  Türkiyə Respublikası Azərbaycanın müttəfiqi olduğu üçün o da Ermənistana qarşı təhlükə kimi qiymətləndirilməlidir.
Ermənistan Respublikasının Milli Təhlükəsizlik Strategiyasında Azərbaycan Respublikasının tərkib hissəsi olan Dağlıq Qarabağ haqqında  ayrıca bir bölmə mövcuddur. Həmin sənəddə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və yuxarıda adı çəkilən beynəlxalq təşkilatların da qərarlarında işğal edildiyi təsdiq olunan Dağlıq Qarabağ müstəqil bir qurum kimi təsbit olunmuşdur. Bu bölmədə aşağıdakı tezislər öz əksini tapmışdır:
-          Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli şəkildə həlli Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin qarantı olan Ermənistan Respublikasının milli təhlükəsizlik strategiyasında aparıcı əhəmiyyətə malikdir;
-          Qarşılıqlı razılıq əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək göstərilməsi ATƏT-in Minsk qrupuna etibar edilmişdir;
-          Ermənistan Respublikası münaqişənin nizamlanması ilə bağlı digər strukturların bəyanatlar vermələrini, habelə müxtəlif beynəlxalq təşkilatların nizamlanma prosesinə  cəlb olunmasını məqsədəuyğun saymır;
-          Dağlıq Qarabağ Respublikasının elan edilməsinin hüquqi əsasları dəyişməzdir;
-          Münaqişənin həlli ilə bağlı istənilən son sənəd Dağlıq Qarabağın əhalisi ilə razılaşdırılmalıdır;
-          Ermənistan münaqişənin nizamlanmasının o variantını qəbul edir ki, həmin variantda Dağlıq Qarabağ Respublikasının faktiki mövcudluğu təsbit olunsun;
-          Dağlıq Qarabağın Ermənistanla quru əlaqəsi olmalıdır;
-          Dağlıq Qarabağla bağlı Azərbaycanın hərbi siyasəti, konkret olaraq Ermənistan üzərində hərbi üstünlük əldə etmək cəhdi Ermənistana qarşı müstəqim hərbi təhdiddir;
-          Ermənistan silahlı qüvvələrinin əsas vəzifəsi Ermənistan Respublikasının və Dağlıq Qarabağ Respublikasının əhalisinin fiziki təhlükəsizliyini təmin etməkdir (24).
Ermənistan Respublikasının Hərbi doktrinasında da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oxşar tezislər öz əksini tapmışdır. Bu sənəddə də Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasətinə qanuni don geyindirilməsinə cəhd göstərilmiş, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti təhrif edilmiş və bununla erməni informasiya-təbliğat fəaliyyəti üçün də təhrif edilmiş hüquqi baza yaradılmışdır. Hərbi doktrinada qeyd olunur ki, Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikası xalqının təhlükəsizliyinin və seçdiyi yolun qarantıdır. Sonra bildirilir ki, Ermənistan Respublikasının bu vəzifəni öz üzərinə götürməsi aşağıdakı səbəblərdən irəli gəlir:
-          Azərbaycan Respublikasının ərazisində ermənilərə qarşı yeni etnik təmizləmələrin həyata keçirilməsinə görə ( Sumqayıt, Bakı və yerlərdə);
-          Azərbaycan Respublikası Dağlıq Qarabağ xalqının qanuni və dinc yolla öz müqəddəratını təyin etməsinə qarşı hərbi qüvvə tətbiq etməsi və onu 1988-1989-cu illərdə zorla müharibəyə cəlb etməsinə görə;
-          Dağlıq Qarabağ münaqişəsinin zor vasitəsilə həll edilməsinə cəhd göstərilməsinə görə;
-          Daim fiziki məhvolma təhlükəsi ilə üzləşən Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi zərurətinə görə;
-          Ermənistan Respublikası ilə Dağlıq Qarabağ Respublikası  və onun əhalisinə tarixi-ərazi, mənəvi-dini və mədəni eyniliyinə görə;
-          Dağlıq Qarabağ əhalisinin öz tarixi ərazisində öz müqəddəratını təyin etməsinin siyasi, hüquqi əsaslarının danılmazlığına görə;
-          Dağlıq Qarabağ Respublikasının demokratik, sosial, hüquqi dövlət kimi formalaşmasının dönməzliyinə görə;
-          Ermənistan Respublikası ilə Dağlıq Qarabağ Respublikasının təhlükəsizliyinin təmin edilməsinin qarşılıqlı bağlılığına görə (25).
Ermənistan Respublikasının hərbi doktrinasında ermənifobiya, Ermənistan Respublikasına qarşı dezinformasiya yolu ilə informasiya müharibəsi aparılmasının xarici təhdid kimi qiymətləndirilməsi də erməni informasiya-təbliğat fəaliyyətinin hüquqi bazası saymaq olar. Erməni dairələrinə görə, erməniliyin niyyətləri, erməni saxtakarlığı ilə ermənilərin işğalçılıq siyasətinin mahiyyətinin saxtalaşdırılması ilə üst-

üstə düşməyən məlumatlar ermənifobiya, Ermənistan Respublikasına qarşı düşmənçilik kimi qiymətləndirilir. Erməni informasiya-təbliğat maşını bu məsələyə kifayət qədər geniş diqqət ayırır.
Dağlıq Qarabağ münaqişəsi ətrafında informasiya-təbliğat siyasətinin istər siyasi (ictimai-siyasi), istərsə də tarixi əsaslarının formalaşdırılmasında Ermənistan rəhbərliyinin rolu kifayət qədər böyükdür. Əvvəla Ermənistan rəhbərliyinin xarici nümayəndə heyətləri ilə elə bir görüşü tapılmaz ki, orada Dağlıq Qarabağ münaqişəsinə toxunulmasın. İkincisi isə, Ermənistan rəhbərliyinin belə görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə prinsipial mövqedən yanaşdığını görmək çətindir. Bu məsələnin detallarına varmadan yalnız onu qeyd etmək olar ki, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarların heç birinin müddəaları Ermənistan rəhbərliyi tərəfindən qəbul olunmur. Bunun özünəməxsus şəkildə əsaslandırılması üçün isə mahiyyəti dəyişdirilmiş faktlar və informasiyalar dövriyyəyə çıxarılır.
Dağlıq Qarabağ münaqişəsi kontekstində informasiya-təbliğat siyasətinin formalaşdırılması üçün Ermənistan rəhbərliyinin çıxışlarında, erməni siyasətşünaslarının araşdırmalarında ümumiləşdirilmiş siyasi (ictimai-siyasi) və tarixi əsasları aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Dağlıq Qarabağla, Dağlıq Qarabağ ermənilərinin separatizminin əsaslandırılması ilə bağlı olan ictimai-siyasi və tarixi əsaslar. Bu əsasları formalaşdırmaqla erməni informasiya-təbliğat maşını Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilmədiyini, Dağlıq  Qarabağın heç vaxt Azərbaycana məxsus olmadığını, Dağlıq Qarabağ ermənilərinin milli müqəddəratlarını təyin etdiklərini, Dağlıq Qarabağda silahlı münaqişənin Azərbaycan tərəfindən başlandığını, Dağlıq Qarabağın Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyətə malik olduğunu ictimai rəyə yeritməyə çalışır. Konkret olaraq bu istiqamətdə aşağıdakı tezislərlə qarşılaşmaq olar:
- Qarabağ heç zaman müstəqil Azərbaycanın tərkib hissəsi olmamışdır. Dağlıq Qarabağ tarixi erməni torpaqlarıdır;
- Azad həyat hüququnu Dağlıq Qarabağ xalqı məcburən cəlb edildiyi müharibədə qanı bahasına əldə etmişdir;
- Dağlıq Qarabağ Muxtar Vilayəti digər 15 müttəfiq respublika kimi sovet qanunlarına uyğun olaraq SSRİ tərkibindən çıxmışdır;
- Dağlıq Qarabağ Azərbaycana zorla, sovet partiya orqanlarının qərarı əsasında birləşdirilmişdir;
- Ermənsitan və Qarabağ heç vaxt müharibə başlamamışlar və başlamayacaqlar;
- Əllərinə silah almaq məcburiyyətində qalmış qarabağlılar təcavüzkar deyildirlər;
- Dağlıq Qarabağ baş tutmuş və öz institutları olan dövlətdir;
- Bu gün dünya birliyi qarşısında dayanan Dağlıq  Qarabağ müasir dövlətdir;
- Dağlıq Qarabağın zorla  Azərbaycana qaytarılması bu bölgənin ermənilərinin taleyini zərbə altına qoymaqdır;
- Gülüstan müqaviləsi (1813) əsasında Qarabağın Rusiyaya birləşdirilməsi Qarabağ ermənilərinin səyləri nəticəsində baş vermişdir;
- Qarabağ konflikti Rusiya dövlətinin tarixi-məntiqi inkişafının pozulmasının nəticəsidir;
- Dağlıq Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında olan münaqişə yox, Azərbaycanla Qarabağ arasında olan münaqişədir;
- Dağlıq Qarabağ Respublikasının statusu Dağlıq Qarabağ Muxtar Vilayətini və onun ətrafındakı əraziləri əhatə edir (26).
2. Dağlıq Qarabağ ümumerməni məsələsinin tərkib hissəsi kimi. Bu mövzuda formalaşdırılan ictimai-siyasi və tarixi aspektin əsas tezislərini ümumerməni məsələsinin həllinin Dağlıq Qarabağla birbaşa bağlı olması, Ermənistanın Gürcüstanda yaşayan Cavakin ermənilərinin və bütün dünyadakı erməniliyin təhlükəsizliyinin Dağlıq  Qarabağ  problemi ilə bağlılığı, “məhrumiyyətlərə” məruz qalmış erməniliyin Dağlıq Qarabağa haqqı olması, Dağlıq Qarabağ və erməni diasporu və s. mövzular təşkil edir. Erməni müstəsnalığı haqqında aparılan informasiya-təbliğat fəaliyyətini də bu bölməyə aid etmək olar. Bu mövzuda aparılan informasiya-təbliğat fəaliyyəti ilə erməni millətçiləri özlərini qədim, mədəni, istisna keyfiyyətlərə malik bir xalq kimi təqdim etməklə azərbaycanlıların mənfi obrazını, xüsusilə Dağlıq Qarabağ problemini də azərbaycanlıların mənfi keyfiyyət və hərəkətləri ilə əlaqələndirməyə çalşırlar. Bu mövzuda aparılan informasiya-təbliğat fəaliyyətinin siyasi-tarixi aspektləri aşağıdakı tezislərdə ifadə olunmuşdur:
- Ermənistan erməniləri ilə diaspor ermənilərinin baxışlarında fərq yoxdur, vahid erməni xalqı vardır;
- Dağlıq Qarabağın informasiya təhlükəsizliyi Ermənistan Respublikasının və Cavakın  informasiya  təhlükəsizliyi ilə əlaqədə baxılmalıdır;
- Dağlıq Qarabağ erməni xalqının və onun dövlətçiliyinin təhlükəsizliyinin əsas komponentidir. Qarabağ şərqdən Ermənistanın təhlükəsizliyini təmin edir;
- Ermənistan-Arsax-Diaspor erməni dövlətçiliyinin və onun gələcəyinin əsasıdır;
- Erməni dövlətçiliyinin təhlükəsizliyinin qorunmasını Dağlıq  Qarabağ Muxtar Vilayətinin keçmiş sərhədləri ilə məhdudlaşdırmaq təhlükəlidir;
- Dağlıq Qarabağın itirilməsi – erməni dövlətçiliyinin itirilməsi deməkdir;
- Erməni xalqı düşmən əhatəsində, dünya xristian mədəniyyətinin şərqi müsəlman dünyasında anklav kimi mövcuddur;
- Ermənilərin məqsədi dövlətçiliyi yox, itirilmiş vətənin sərhədlərini bərpa etməkdir;
- Ermənilərin vahid informasiya məkanı yaradılmalıdır;
- Erməni mədəniyyəti bənzərsiz mədəniyyətdir;
-           Ermənilər hər zaman öz istedadlarını başqaları üçün istifadə ediblər. Bu xalqın haqqı yoxdur ki, öz qanını başqa xalqların qanı ilə qarışdırsın;
- Ermənilərin geneologiyası və erməni dili hind-Avropa qrupu arasında xüsusi yer tutur. Xristianlığı ilk qəbul etmiş erməni Apostol kilsəsi xristian dünyasında xüsusi yerə malikdir;
- Ermənilərin xristian keyfiyyətləri, humanizmi tarixi sənədlərdə təsbit olunub;
- Azadlıq və ədalətlilik ideyası erməni mentalitetinin tərkib hissəsidir;
- Ermənilik sivilizasiya dəyərlərinin daşıyıcısıdır (27).
3. Antiazərbaycan təbliğatı. Azərbaycana qarşı işğalçılıq siyasətinin və təcavüzkar millətçiliyin informasiya-təbliğat təminatının hüquqi, siyasi və tarixi əsaslarının istiqamətlərini yalnız yuxarıda sadalanan tezislərlə məhdudlaşdırmaq olmaz. Bu istiqamətdə onlar daha çox iddialar irəli sürür və onların əsaslandırılması üçün hadisələrin mahiyyətini özünəməxsus şəkildə dəyişdirirlər. Lakin Azərbaycan həqiqətləri qarşısında irəli sürülən tezislərin gücsüzlüyünü erməni təbliğatçıları özləri də yaxşı başa düşürlər. Ona görə də onların informasiya-təbliğat siyasətinin başlıca hissəsi Azərbaycan həqiqətlərinin, Azərbaycan tarixinin, azərbaycanlıların dinc yaşama təfəkkürünün saxtalaşdırılmasına, onların neytrallaşdırılmasına və təsir gücünün aradan qaldırılmasına istiqamətlənmişdir. Dağlıq Qarabağla bağlı erməni informasiya-təbliğat siyasətinin antiazərbaycan mövzusunun ictimai-siyasi və tarixi aspektləri çox zəngindir. Buraya Azərbaycan tarixinin saxtalaşdırılması, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin saxtalaşdırılması, Azərbaycanın daxili və xarici siyasətinin mahiyyətinin təhrif edilməsi, Azərbaycanın tarixi-mədəni dəyərlərinin mənimsənilməsi, Dağlıq Qarabağla bağlı Azərbaycan informasiyalarının mahiyyətinin saxtalaşdırılması və s. daxildir. Erməni informasiya təbliğat maşınının antiazərbaycan təbliğatını aşağıdakı tezislərdə qruplaşdırmaq olar:
-Azərbaycan təkcə antierməni təbliğatı yox, həm də antitürk təbliğatı aparır;
-Azərbaycan təbliğatı Ermənistan diaspora ittifaqına qarşı yönəlib;
-Azərbaycan təbliğatı azərbaycanlıların özlərinə əks-təsir göstərir;
-Azərbaycan tərəfindən Ermənistana qarşı psixoloji hücum aparılır;
-Azərbaycan iqtisadiyyatının, Azərbaycan Ordusunun güclənməsinin şişirdilməsi Azərbaycan təbliğatının əsas mövzusudur;
-Azərbaycanın müharibə ritorikası daxili publika üçündür;
-Azərbaycan informasiya-təbliğat fəaliyyətinin antierməni tezisləri - Ermənistan iqtisadiyyatı böhran keçirir, Ermənistan ordusu ağır durumdadır, Ermənistanda demoqrafik vəziyyət ağırdır.
-Azərbaycan daxilində antierməni əhval-ruhiyyəsinin formalaşdırılması dövlət siyasətinin tərkib hissəsidir;
-Erməni dövlətçiliyinin, erməni xalqının, Arsaxın siyasi tarixinin saxtalaşdırılması, ermənilərin Qarabağda avtoxton olmaması Azərbaycan informasiya-təbliğatının mövzusudur;
-Azərbaycan dövlətçiliyinin tarixi, Azərbaycan xalqının yaranması və onun avtoxtonluğu Azərbaycanın informasiya-təbliğatında təhrif olunur;
-Ermənilərin soyqırıma məruz qalmasının inkarı Azərbaycan təbliğatının əsas istiqamətidir;
-Ermənilərin azərbaycanlılara qarşı soyqırımı həyata keçirilməsi iddiası, 1918-ci ildə Bakıda və Qubada, 1992-ci ildə Xocalıda azərbaycanlıların ermənilər tərəfindən qırılması iddiası;
-Azərbaycan təbliğatında erməniləri mənəvi-psixoloji siması və dəyərlər sistemi saxtalaşdırlır;
-İslam aləmində Ermənistan terroçu dövlət və xristian dövlətlərinin marionetkası kimi təqdim olunur;
-Dağlıq Qarabağ Respublikasının ərazisinin bir hissəsi Azərbaycan tərəfindən işğal olunub. Belə işğalı nasistlər həyata keçirirdilər;
-Hazırda Dağlıq Qarabağ Respublikasının sərhədləri daxilində olan Azərbaycan SSR-in keçmiş ərazisinin (yəni Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonlar) zərərsizləşdirilməsinin başqa alternativi yoxdur;
-Ermənilərin sıxışdırılması və soyqırımı Azərbaycan və Türkiyə milli elitasının başlıca məqsədidir;
-Azərbaycan informasiya-təbliğatında Ermənistan terror və narkobizneslə bağlı dövlət, təcavüzkar, işğalçı, Dağlıq Qarabağ münaqişəsinin səbəbkarı kimi təqdim olunur;
-Dağlıq Qarabağ ərazisindəki xristian abidələri alban abidələri kimi təbliğ olunur;
-Ermənistan və Dağlıq Qarabağ ərazilərində yaşayan ermənilərin buraya İran və Türkiyədən köçürüldüyü kimi təqdim olunur;
-Dağlıq Qarabağ münaqişəsi zəminində Ermənistanda azərbaycanlılara qarşı təcavüz edilməsi iddia edilir;
-Azərbaycan Respublikası və onun müttəfiqləri Dağlıq Qarabağ Respublikasına qarşı informasiya müharibəsi aparır;
-Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması iddia edilir və bu məsələ  gənc nəslə də aşılanır;
-Azərbaycan təbliğatı Azərbaycan gənclərində düşmən erməni obrazı yaradır;
-Azərbaycan informasiya-təbliğatı ermənilərin informasiya məkanına təsir etməklə qərb ictimai fikrində ermənilərin mənfi imicini yaradır;
Bu tezislərin əhatəsini genişləndirmək də mümkündür. Həmin tezislərin zənginliyi əslində erməni informasiya-təbliğatının mahiyyəti ilə şərtlənir. Erməni informasiya-təbliğatı hazırda belə bir prinsipi əsas tutur ki, erməni işğalçılığına və millətçiliyinə meydan açan təbliğat ermənilik tərəfindən təqdir olunmalıdır. Əks informasiya və təbliğat isə düşmən təbliğatı kimi dəyərləndirilir. Bu prinsipin nə dərəcədə doğru olduğunu beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasəti ilə bağlı  mövqeləri və Ermənistanın daxilində yaranmış böhranlı vəziyyətlə bağlı elə erməni ekspertlərinin dedikləri də nümayiş etdirir. Doğrudur, erməni informasiya-təbliğat maşını və onun havadarları malik olduğu geniş şəbəkələrlə dünya arenasında təhrif edilmiş bir mənzərə yaratmağa cəhd göstərir və məlumatsız publikada müəyyən təsəvvürlər də yarada bilirlər. Bu istiqamətdə erməni millətçiliyinin hətta tarixi təcrübəsi də vardır. Bununla belə Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ilə bağlı obyektiv informasiyanın ortaya qoyulması erməni informasiya-təbliğat axınlarının qarşısını almaqda səmərəli təsirə malikdir.



                                             

Комментариев нет:

Отправить комментарий