вторник, 13 марта 2012 г.

Qarabağ xanlığı tarixində erməni ünsürü

Qarabağ xanlığının möhkəmləndirilməsi üçün İbrahim xanın diqqət yetirməli olduğu məsələlərdən biri də yerli məliklərlə münasibətlərin aydınlaşdırılması oldu. Çünki məliklərin bəziləri hələ də xanlığın mərkəzləşdirilmiş hakimiyyətindən yayınmağa müvəffəq olacaqlarına ümidlərini kəsməmişdilər.
İbrahim xan ilk növbədə Vərəndə məliyi Şahnəzərlə Pənah xan dövründən başlanmış qarşılıqlı münasibətləri sahmana saldı, məlik Şahnəzərin qızını özünə kəbin etdi. Heç şübhəsiz ki, bu məqam məlik Şahnəzərlə İbrahim xan arasındakı münasibətləri daha da yaxşılaşdırdı. İbrahim xanla ailə qohumluğu məlik Şahnəzərin özünün də Qarabağ məlikləri arasındakı nüfuzunu artırdı, öz aralarında çəkişmə və didişmələrdən yorulmayan digər məliklər isə bundan müəyyən təşvişə düşdülər. Çünki məlik Şahnəzərin Qarabağ xanı ilə münasibətlərinin xarakteri digər məliklərin də qəbul etməli olacaqları bir seçim idi. Bu seçimi qəbul edəcəkləri halda onlar Qarabağ xanının sərt münasibəti ilə qarşılaşmalı olacaqdılar. Belə bir seçimlə razılaşmayan Dizak məliyi Yeqan Qarabağ xanlığının hakimiyyətinə sədaqətinə görə məlik Şahnəzəri aradan götürmək qərarına gəldi və onun üstünə silahlı dəstə göndərdi. Erməni müəlliflərinin yazdığına görə məlik Şahnəzər etibarlı müdafiə olunmaq üçün Xaçın məliyi Mirzəxandan kömək istədi. Xaçın məliyi də özü şəxsən dəstəsi ilə məlik Şahnəzərin köməyinə yollandı. Lakin necə oldusa məlik Mirzəxan məlik Yeqanın silahlıları tərəfindən qətlə yetirildi. Bundan sonra İbrahim xan məlik Şahnəzərin köməyinə silahlılar göndərdi. Erməni müəllifi yazmasa da belə aydın olur ki, məlik Yeqan öz niyyətinə nail olmadan geri çəkildi. Lakin onun xan hakimiyyətinə itaətsizliyi uzun çəkmədi və 1781-ci ildə növbəti qarşıdurmada öz həyatını itirməli oldu.
XVIII əsrin 70-ci illərində məlik Yeqanın və onun tərəfdarlarının fəallaşmasını heç şübhəsiz ki, təsadüfi saymaq olmazdı. Bir tərəfdən 1768-ci ildə Rusiyanın Osmanlı imperiyası ilə müharibəyə başlaması, bir tərəfdən də Rusiyanın Cənubi Qafqazda möhkəmlənməyə və bunun üçün Cənubi Qafqazın xristian elementlərindən istifadə edilməsinə diqqət artırması Qarabağ məlikləri arasında da fəallaşmaya səbəb ola bilərdi. Tarixi fakt və mənbələrdən məlumdur ki, Rusiya imperiyası Cənubi Qafqaz istiqamətində yenidən fəallaşmağa başlayanda bölgədə erməni və alban dövlətlərinin yaradılması və onların Rusiyanın nəzarəti altında idarə edilməsi ideyaları mövcud idi. Lakin tezliklə Rusiyada kök salmış və Rusiyanın hakim dairələri ilə sıx əlaqələr qurmuş erməni məlikləri, keşişləri, ticarətçiləri, sənayeçiləri bölgədə alban xristian dövlətinin yaradılması ideyasını rus siyasətçilərinin gündəliyindən çıxarılmasına nail oldular. Çünki Qarabağda alban dövləti yaradılacağı halda erməni dövlətinin yaradılması üçün xristian toplumunun olduğu ərazi qalmırdı. Müxtəlif üsul və vasitələrdən məharətlə istifadə edən ermənilər Rusiya sarayında “tarixi Ermənistan” və “məzlum erməni xalqı” haqqında təbliğat kampaniyalarına rövnəq verməklə bir sıra rus siyasətçilərində ortaya atdıqları ideyaya maraq oyadılmasına cəhd göstərirdilər. Əslində belə bir cəhd Rusiya sarayının da maraqlarına cavab verirdi və Cənubi Qafqazın, o cümlədən də Azərbaycan xanlıqlarının işğalı üçün geniş maliyyə imkanlarına malik ermənilərə müəyyən ümidlər də bağanılırdı.
Elə İbrahim xanın hakimiyyətinin ilk illərindən etibarən Qarabağda erməni dövləti yaradılması üçün Rusiya sarayına bir sıra planlar təqdim edildi. Belə planlardan biri 1769-cu ildə Rusiya paytaxtında yaşayan ermənilər tərəfindən hazırlandı və Rusiyanın Xarici İşlər Nazirliyinə çatdırıldı. Həmin planın mahiyyətini Azərbaycan xanlıqlarına və Osmanlı Türkiyəsinə qarşı təvcavüzkarlığıb gücləndirilməsi təşkil edirdi. Plan erməni könüllülərinin də qoşulduğu rus qoşunları tərəfindən Gürcüstanən və “tarixi Ermənistanın” torpaqlarının “azad edilməsini” nəzərdə tuturdu. Güman edilirdi ki, Azərbaycan xanlıqlarının, o cümlədən də Qarabağ xanlığının işğalı da “tarixi Ermənistanın” bərpası üçün əməli addımdır.
XVIII əsrin 70-ci illərinin sonlarında “tarixi Ermənistanın” bərpası ilə bağlı həm çariça Yekaterinaya, həm də Rusiya siyasətində böyük nüfuzu olan knyaz Potyomkinə yeni bir plan təqdim olundu. Bu planın da əsasını Qarabağ xanlığının işğal edilməsi və burada Rusiyanın himayəsi altında erməni-xristian dövlətinin yaradılması təşkil edirdi. Cənubi Qafqaz istiqamətində işğalçılıq siyasətini başlamağa hazırlaşan Rusiya çariçası ermənilərin bu planını maraqla qarşıladı və həmin planın həyata keçirilməsi imkanlarının araşdırılmsına dövrün tanınmış sərkərdələrindən olan Suvorovun da cəlb olunmasını tapşırdı. Həmin tapşırıq əsasında Suvorov Poltavadan Peterburqa çağırıldı və onun qarşısına belə bir vəzifə qoyuldu ki, Rusiya sarayı ilə sıx bağlı olan ermənilərlə görüşsün və onların hazırladığı planı araşdırsın.
General Suvorov bir neçə dəfə ermənilərlə görüşdü və onlardan Qarabağ xanlığı, Qarabağ məlikləri haqqında məlumatlar aldı. Bu məlumatlar heç şübhəsiz ki, erməni planlarına xidmət edən, Qarabağ xanını “məzlum” ermənilərin və xristianlığın düşməni kimi xarakterizə edən məlumatlar idi. Bunu elə Suvorovun 1780-ci ilin fevral ayında yazdığı məktublarından da görmək mümkündür.
Qeyd etmək lazımdır ki, Rusiya sarayı və saray məmurları ilə müxtəlif əlaqələri olan ermənilər Qarabağ məliklərini də öz qurduqları planların icrasına təhrik edir və onlar tərəfindən imzalanan məktubları Rusiya sarayına çatdırırdılar. Həmin məktublarda xristian amili, xristianlığın Qarabağ xanı tərəfindən təqibi, Qarabağın xristian əhalisinin Rusiya sarayına sədaqətli olacağı xüsusilə qabardılır və Rusiya sarayından imdad dilənirdi.
Erməni tarixçiləri Suvorovun Həştərxana göndərilməsi məsələsinə toxunarkən, nədənsə ona saray tərəfindən verilən əsas tapşırıqlara toxunulmur və onun  ermənilərlə olan əlaqələri xüsusilə qabardılır. Ancaq rus tarixçilərinin Suvorov haqqında olan sanballı araşdırmalarında onun ermənilərin iddiaları ilə bağlı hər hansı bir ciddi addım atdığını görmək mümkün deyil. Həştırxandakı fəaliyyəti zamanı da erməni planları ilə bağlı Suvorovun hər hansı bir iş görməsi məlum deyil. Bununla belə, Suvorovun Həştərxana yola düşməsi ərəfəsində Qafqazla bağlı məlumatlar toplayarkən  ermənilər haqqında da o, müəyyən təsəvvürlərə malik olmağa çalışdı. Nəticədə o, Qafqaz əvəzinə elə ermmənilər haqqında məlumat toplamalı olmuşdu. Çünki bölgə ilə bağlı görüşdüyü adamlar elə ermənilərdən ibarət idi. Onlar isə mövcud imkandan sui-istifadə edərək uvorovun beynini “erməniləşdirməyə” çalışmışdılar.
Həştərxana yola düşməzdən əvvəl Suvorovun 1780-ci ilin yanvarında Sankt-Peterburqda keçirdiyi görüşlərin birində Q.A.Potyomkin, İvan Qoriç, habelə erməni yepiskopu İosif Arqutinski və erməni dövlətlisi İvan Lazarev iştirak edirdilər. Qafqaz haqqında onun bu şəxslərdən hansı məlumat alacağını təsəvvür etmək isə elə də çətin deyil.
Yepiskop İ.Arqutinski Suvorovla olan görüşlərdən biri haqqında yazırdı ki, o mənim yanıma İvan Lazarevlə gəlmişdi. Onunla iki saata qədər söhbət etdik və bu vaxt ərzində Suvorov bölgə ilə bağlı çoxlu suallar verdi. İ. Arqutinskinin sözlərinə görə, Suvorov onlardan Eşmiədzin katalikosu və ermənilər haqqında çoxlu məlumatlar almağa çalışmışdı.Görüşlərinin sonunda  Suvorov guya eribmiş ki, o, erməni dövlətini bərpa etmək niyyətindədir. İ. Arqutinski onu da əlavə edirdi ki, Suvorov onlardan topladığı məlumatları dərhal Q. Potyomkinə çatdırmaq üçün yola düşdü.
İ. Arqutinskinin yazdıqlarından aydın olur ki, onlar Suvorovla dörd dəfə görüşə bilmişdilər. Sonuncu görüş 1780-cı il yanvar ayının 13-də olmuşdu. Həmin görüş Suvorovun təşəbbüsü ilə baş vermişdi. O, İ. Arqutinskini və onun həmfikirlərini yanına çağırtdırmış və onlarla yenidən söhbət etmişdi. Erməni yepiskopunun xatirələrinə görə, Suvorov ermənilərin vəziyyəti ilə,  erməni məliklərinin və Qarabağın vəziyyəti ilə maraqlanmışdı. İ. Arqutinski də ona həmin məliklər barədə, həm də Qarabağ və erməni məlikləri arasında olan ixtilaflar, Pənah xanın ( bu vaxt Pənah xan artıq vəfat etmişdi) onların üzərində hakim olmalarının səbəbləri, habelə ermənilərin düşdükləri vəziyət, konkret olaraq erməni məliklərinin hər biri, onların silahlı dəstələrinin miqdarı barədə məlumatlar vermişdilər.
Sonra İ. Arqutinski Qarabağ ermənilərinin mənşəyi barədə maraqlı məlumat verirdi: “Aqvan katalikosu Ovanes də həmin Xaçındandır. Haradan ki, Teymurləng aqvan xalqını köçməyə məcbur etdi. Ermənilər bura gəldilər və burada yerləşdilər. Katalikosluq indiyə kimi davam edir”.
Yəni İ. Arqutinski də Qarabağın  əsas əhalisinin albanlar olmasını, ermənilərin isə ora sonradan gəlməsini etiraf edirdi.
Beləliklə, Suvorov Rusiyada yaşayan erməni başbilənləri ilə görüşlərində yollanacağı və gələcəkdə vəzifə icra edəcəyi Qafqaz bölgəsi haqqında məlumat toplamağa çalışsa da, onun aldığı məlumatlar yuxarıda qeyd edildiyi kimi, ancaq ermənilər haqqında olmuşdu. Əslində, Suvorovun yəqin ki, başqa bir seçimi də yox idi. Bəlkə də burada rus siyasətçilərinin köməyinə bölgə ilə bağlı olan ruslar, eləcə də bölgədən olan digər ruslar çata bilərdi. Ermənilərdən toplanan məlumatlar isə açıq qərəzli və qeyri-obyektiv idi. Həmin məlumatlar ermənilərin etnik xislətindən və bölgədə Azərbaycan xanlıqları ərazisində erməni dövləti yaratmaq istəyindən irəli gəlirdi və ona görə də ermənilər rus siyasətçilərinin təsəvvürünü bölgədə Rusiyanan maraqlarına cavab verə biləcək erməni dövlətinin yaradılması fikirləri il formalaşdırmağa çalışırdılar. Erməni tarixçilərinin fikrincə, Suvorov erməni dövlətinin yaradılması məsələsini maraqla qarşılamış və birmənalı şəkildə bildirmişdi ki, Rusiya dövləti bu istiqamətdə ciddi addımlar atmaq niyyətindədir. Erməni tarixçiləri bir məqamı obyektiv olaraq vurğulayırdılar ki, II Yekaterinanın dövründə Rusiya sarayı Qafqazda möhkəmlənmək barədə ciddi fikirləşirdi və Qafqazın işğalı çərçivəsində orada erməni dövlətinin yaradılması Rusiyanın da maraqlarına cavab verirdi.
1780-ci il yanvar ayının sonlarında A.V.Suvorov Həştərxana yola düşdü. Burada o, böyük bir fəallıqla ona həvalə olunan vəzifələrin icrasına başladı. Erməni tarixçisi M.Nersesyan Həştərxanda olarkən A.Suvorovun Qarabağ erməniləri ilə əlaqələr yaratdığını və onların arasında yazışma olduğunu iddia edirdi. Bu tarixçinin əsərində  Suvorovun təkcə ermənilərlə deyil, Cənubi Qafqazın bir sıra nüfuzlu adamları ilə yazışdığı bildirilir. Qeyd olunduğu kimi, Qarabağ erməniləri həmin yazışmalarda bölgəyə 10 minlik qoşun dəstəsinin gəlməsini arzulamışdılar. Erməni tarixçilərinin iddiasına görə, Suvorov Qarabağ məlikləri arasında böyük nüfuza malik imiş. Qarabağ məliklərindən Adəm, Bəylər, Qarabağın varlı adamlarından Stefan, Sarkis, Babay və Danil 1781-ci il sentyabrın 1-də knyaz Potyomkinə müraciət edərək ondan hərbi yardım istəmiş və həmin hərbi yardımın məhz Suvorovun vasitəsilə həyata keçirilməsini xahiş etmişdilər. Onlar da məktublarında bölgəyə 10 minlik qoşunun gəlməsini istəmişdilər. Erməni məlikləri güman edirdilər ki, bu qədər qoşunla Qarabağ xanının müqavimətini qıraraq erməni dövlətini qurmaq mümkün olacaqdır .
Erməni müəlliflərinin və varlılarının Q.Potyomkinə ünvanladığı bu məktub yazılanda Suvorovun Xəzəryanı ərazilərə gəlməsindən iki ilə yaxın bir vaxt keçmişdi. Böyük ümidlər bəsləməsinə baxmayaraq bu vaxt ərzində Suvorov tərəfindən Cənubi Qafqaza qışon çıxarəlması və orada hər hansı bir erməni qurumunun yaradılması barədə ciddi bir cəhd olmamışdı. Görünür, ermənilər Q.potyomkinə məktub yazmaqla A.Suvorovu tezliklə bu işə cəlb etmək istəyirdilər. Ancaq 1781-ci ilin sonlarında Suvorov Xəzəryanı ərazilərdən geri çağırıldı və ona başqa bir vəzifə tapşırıldı. Bununla da  Cənubi Qafqazda rus təcavüzünün qızışdırılması üçün daha bir cəhd uğursuz qaldı.
Bununla ermənilərin etnik dövlət axtarışına heç də son qoyulmadı. Əksinə, Suvorovun Qafqazda mövcudluğu dövründə arzusunda olduqları nəticələri əldə edə bilmədiklərindən ermənilər öz fəallıqlarını bir qədər də artırdılar. Rusiya sarayında da Qafqaza döğru irəliləmək iştahası artmaqda idi. Ona görə ermənilərin dövlət axtarışı işi heç də yaddan çıxmadı.
A.Suvorovun bölgəyə gəlməsi ilə erməni dövləti qurulması istiqamətində hər hansı bir dəyişiklik baş verməyəndə, Qarabağ məlikləri əvvəlcə gürcü çarı II İrakli ilə əlaqə saxlayıb onun müttəfiqliyini qazanmağa çalışdılar. Gürcü çarı ilə əlaqə yaratmağa çalışan məliklərin Dizak, Çiləbörd və Talış məliklərinin olduğu güman edilir. Bu məliklər bilirdilər ki, Qarabağ xanı ilə gürcü çarı arasında münasibətlər heç də yaxşı deyil və Qarabağda nəzarəti ələ almaq üçün gürcü çarını maraqlandırmaq mümkün ola bilər. Erməni müəlliflərinin yazdığına görə, gürcü çarı doğrudan da Qarabağ xanlığına hücum etməyə razı oldu. Lakin bu hücumun baş tutacağı halda Qarabağ məliklərinin nəyə nail olacağı barədə məlumat verilmir. Lakin İbrahim xan bu  hazırlıqdan vaxtında xəbər tutdu və qohumu Ümmə xanın vasitəsilə gürcü çarına güclü zərbə endirdi. Ümmə xanın silahlı dəstəsi Gürcüstan ərazisinə hücum etdi, bir sıra yaşayış məntəqələrini talan etdi və bir sıra müdafiə istehkamlarını ələ keççirdi. Bununla da gürcü çarının Qarabağa hücum etmək planı həyata keçməmiş qaldı. Ümmə xan  yolunu Qarabağdan da saldı. Qarabağ xanına qarşı müəyyən planlar qurmağa çalışan məliklər Ümmə xanın Qarabağa gəlişimi eşidincə qaçıb dağlara dağələşdəlar və bu yolla öz canlarını qurtara bildilər.
Amma Qarabağ məlikləri bununla da sakitləşmədilər. Ümmə xan Qarabağı tərk edəndən sonra məliklər gizlicə Rusiyaya nümayəndə heyəti göndərdilər. Nümayəndə heyətinə tapşırıq verilmişdi ki, çarıça ilə görüşsün və yalvararaq ondan Qarabağ xristianlarının dərdinə qalmasını xahiş etsin. Həmin nümayəndə heyəti Rusiya sarayının nüfuzlu şəxsləri tərəfindən qəbul edildi. Xüsusilə, Cənubi Qafqaza rus qoşunlarının çıxarılacağı gün yaxınlaşmaqda olduğundan Qarabağ xristianlarının nümayəndələri diqqətlə dinlənildi, onlardan lazımi məlumatlar alındı və onlara yeni vədlər verildi. Knyaz Q.Potyomkin erməni nümayəndələri ilə görüşlərin, ermənilərdən alınan məktubların onların qaldırdığı problem barədə kifayət qədər müfəssəl təsəvvür yarada bilmədiyi üçün bölgəyə etibarlı adamlar göndərilməsi və onlarln vasitəsilə obyektiv məlumatlar toplanması və həmin məlumat əsasında gələcək fəaliyyət yollarının müəyyənləşdirilməsi qərarına gəldi. Bu məqsədlə 1782-ci ilin payızında Qafqazdakı rus qoşunlarının komandanı vəzifəsinə Q.Potyomkinin qrdaşı Pavel Potyomkin təyin edildi.
P.Potyomkin bu vəzifəyə təyin olunandan sonra Rusiya sarayına növbəti nümayəndə heyəti göndərildi. P.Potyomkin isə ermənilər haqqında məlumatları genişləndirmək üçün arxiyepiskop Arqutinski ilə əlaqəyə girdi və xahiş etdi ki, ermənilərin qaldırdığı məsələnin mahiyyəti ilə bağlı ona yazılı məlumat versin. Erməni keşişinə yazdığı m\ktubunda P.Potyomkin ermənilərin hazırkı vəziyyəti ilə əlaqədar olaraq onların şüurlarının və əqidələrinin dəyişib-dəyişməməsi barəsində də məlumat verilməsini xahiş etdi. P.Potyomkinə görə, ermənilər uzun əsrlərdən bəri dövlətsiz qalmışdılar, onlar müxtəlif ərazilərə dağılaraq assimlyasiyaya uğrayır və başlıca olaraq ticarətlə məşğul olurdular. Ticarətçilər isə öz xarakteri etibarilə xəsis və tamahkar olurdular. Ona görə də P.Potyomkin maraqlanırdı ki, ermənilər də belə bir xarakterə malik olduqları halda onlar vətən və dövlət haqqında düşünürlərmi? Belə fikirlər onlara yad deyil ki? P.Potyomkin daha sonra yazırdı: “Ticarətə üz tutan bütün insanlarda xəsislik və tamahdan başqa digər hisslər məhv olur. İnam erməni xalqına güclü təsir göstərirmi və mömünlük xalq oyanışına səbəb ola bilərmi? Məliklər öz müqəddəs dinlərinə lazımi hötmət, xalq isə öz məliklərinə itaətkarlıq saxlayırlarmı? Və nəhayət hansı vasitələrlə xalqa təsir etmək, məliklərin inamını birləşdirmək və ruhanilərini bir-birinə yaxınlaşdırmaq olar?”
P.Potyomkin Rusiya sarayına gələn nümayəndələrin bütün ermənilərin iradəsini ifadə etdiklərinə, daha çox ticarətlə məşğul olan ermənilərin etnik dövlətçilik uğrunda mübarizəyə hazır olduqlarına şübhə ilə yanaşırdı. Ona görə də bu məsələləri İ.Arqutinskidən öyrənməyə çalışırdı. Onu bir sıra başqa məqamlar da maraqlandırırdı və onlara da cavab tapmaq istəyirdi. P.Potyomkin ermənilərn gürcü çarı ilə, habelə gürcü çarının qonşu müsəlman xalqları ilə olan münasibətləri, ermənilərin öz adlarına çıxdıqları ərazilərin hakimlərinin kim olması, Qarabağda neçə məliyin və nə qədər əhalinin olması, Tiflisdən və Dərbənddən Qarabağa gedən yol üzərində hansı məntəqələrin mövcudluğu, qoşunlar Qarabağa doğru hərəkət etmiş olduqları təqdirdə yerli hakimlər və əhalidən hansı yardımların alınmasınını mümkünlüyü barədə məlumat almaq istəyirdi. Bir sözlə, onu Cənubi Qafqaza təşkil edilməsi planlaşdırılan hərbi yürüş üçün faydalı ola biləcək hər cür məlumatlar maraqlandırırdı. P.Potyomkin İ.Arqutinskidən xahiş edirdi ki, Tiflis-İrəvan, Dərbənd-Şamaxı-Naxçıvan marşrutu üzərində hansı möhkəmləndirilmiş məntəqələrin, Cənubi Qafqazda hansı təbii sərvətlərin, həmin bölgədə gəmiçilik üçün yararlı olan çayların mövcudluğu barəsində ona yazsın. P.potyomkin bu çaylar vasitəsilə qoşunların, habelə təchizat yüklərinin daşınmasının mümkünlüyü ilə maraqlanırdı. Onun üçün  bölgədə taxılın, atlar üçün yemin tapılması da əhəmiyyət kəsb edirdi. Ona görə də P.Potyomkin hansı vilayətdə, hansı ərzaq növünün olması, bütünlükdə qoşunların təchizat problemlərinin ödənilməsi imkanlarını araşdırmağa və bu barədə d\ məlumatların ona çatdırılmasını xahiş edirdi.
P.Potyomkin İ.Arqutinskinin nəzərinə çatdırırdı ki, rus qoşunlarının bölgədə uğurlu fəaliyyətinin başlıca şərti onların ərzaqla tam şəkildə təmin edilməsi idi. Onun bu məktubu ermənilər tərəfindən çox böyük sevinc və məmnunluqla qarşılandı. Ermənilər güman edirdilər ki, əgər Rusiya sarayı İ.Arqutinski qarşısında konkret suallara cavab verilməsi tələbini qoyursa, deməli, əməli işlərə keçilməsi və rus ordusunun Qarabağ xanlığı ərazisində erməni vilayəti yaradacağı uzaqda deyil.
İ.Arqutinski dərhal bu məktuba cavab verdi, Rusiya sarayını Qarabağa cəlb etmək üçün bu xanlıqdakı “ermənilərə” zülm edilməsi, Azərbaycan xanlarının zülmkarlığı barədə səxavətlə söz açdı. Erməni keşişi qeyd etdi ki, Qarabağ məlikləri xristianlığa bağlılığı ilə fərqlənirlər, onların tabeliyində olanlar isə ağalarına itaətdən heç vaxt boyun qaçırmırlar. Yerli əhali nəinki məlikləri, hətta öz mömünlərini hörmət və ehtiram içərisində saxlayırlar və heç vaxt onların sözlərindən çıxmırlar. Başqa sözlə, İ.Arqutinski demək istəyirdi ki, Qarabağın xristian əhalisi Qarabağ məliklərinin və ruhanilərinin arxasınca bölgədə Rusiya maraqlarının qorunmaslna sədaqətli olacaqlar.
Bir müddət sonra xristian ruhanilərinin imzası ilə Rusiya sarayına yeni bir məktub göndərildi.  Həmin məktubda Rusiya sarayından bir daha iltimas olundu ki, rus qoşunları tezliklə bölgəyə gəlsin. Rus qoşunlarının dolandırılması məsələsinə gəlincə isə ermənilər bildirirdilər ki, 30 minlik rus qoşununu beş il ərzində təmin etməyə imkanları vardır.
P.Potyomkinin yeni erməni katolikosu seçilmiş Qukasla da əlaqə saxladığı iddia olunurdu. Erməni tarixçilərinin yazdığına görə, katolikos bölgəyə rus təcavüzünün gətirilmsəi üçün xeyli fəallıq göstərdi. Elə bu fəallığın nəticəsi kimi 1782-ci ilin dekabrında Eçmiədzin kilsəsində gizli yığıncaq təşkil edildi. Həmin iclasda Qarabağ məliklərinin və ruhanilərinin nümayəndələri iştirak edirdilər. Mövcud olan məlumatlara görə, bu iclasda knyaz Potyomkinin xüsusi nümayəndəsi də iştirak edirdi. Çox güman ki, elə iclas da onun gəlişi münasibətilə çağırılmışdı. Knyaz Potyomkin qaldırılan məsələlərin həllinə ermənilərin özlərinin nə dərəcədə meylli olduğunu müəyyənləşdirmək istəyirdi. Eçmiədzinə gəlmiş nümayəndə də sözsüz ki, bu barədə ona dəqiq və müfəssəl məlumat verməli idi. Rusiya sarayının nümayəndəsinin yanında iclas iştirakçıları Rusiya taxt-tacına sədaqətli qalacaqları barədə and içdilər. Eyni zamanda Qarabağa rus qoşunlarının göndərilməsi barədə Rusiya sarayına yeni bir müraciət qəbul olundu. Ermənilər bildirirdilər ki, başlıcası rus qoşunlarının Qarabağa gəlməsidir. Onların burada döyüşə girməsinə heç bir ehtiyac yoxdur. Onların fikrincə, rus qoşunlarının gəlməsi ilə hər şey qaydaya düşəcəkdi. Zərurət yarandıqda isə Qarabağ məliklərinin qoşunları onlara arxalanaraq əməli fəaliyyət göstərə bilərdilər.1783-cü ilin əvvəllərində Rusiya sarayında artıq açıq şəkildə Qarabağ xanlığı ərazisində müstəqil erməni dövləti yaradılması haqqında danışılırdı. Rusiya siyasətini müəyyənləşdirənlər belə bir qənaətə gəldilər ki, rus silahı gücünə İbrahim xan devrilməli və ermənilərin Qarabağdakı hökmranlığı təmin edilməlidir. 1783-cü ilin aprelində knyaz Potyomkin Rusiyanın Gürcüstanda olan yeni komissioneri S.Barnaşova yazırdı ki, İbrahim xan Şuşalı  devrilməlidir ki, ondan sonra qarabağda erməni vilayəti yaradılsın.
Q.Potyomkin oxşar məktubu Pavel Potyomkinə də göndərmişdi. Həmin məktubda da deyilirdi ki, İbrahim xan devrilməli və Rusiyanın tabeçiyilində olan müstəqil Qarabağ vilayəti yaradılmalıdır. Bu müstəqilləşmə Qarabağ xristianları üçün nəzərdə tutulurdu. P.Potyomkindən tələb olunurdu ki, bu yolda o bütün gücünü sərf etsin və ermənilər üçün hər sahədə əlverilşli olan bir qurum yaradılsın. Q.potyomkinə görə, Qarabağda güclü erməni qurumu yaradılsaydı, bu, ermənilər yaşayan digər vilayətlərə də dərs olardı.
1783-cü ilin iyul ayında Şimali Qafqazın Georgi qalasında Şərqi Gürcüstanın Rusiyanın himayəsi altına keçməsi haqqında müqavilə imzalandı. Bu müqavilə Georgi traktatı kimi tanınmaqdadır. Onun imzalanması ilə Kartli-Kaxetiya çarı Rusiya himayəsini qəbul etdi. Erməni tarixçilərinin yazdığına görə, Georgi traktatı həm də Şərqi Ermənistanda (İrəvan və Qarabağ xanlıqları nəzərdə tutulur) müstəqil erməni dövlətinin qurulmasını nəzərdə tuturdu.
Hətta ermənilər arasında erməni-gürcü dövlətinin yaradılması proqramını hazırlayanlar da tapılmışdı. Belə proqram hazırlayanlardan biri Mədrəsə şəhərində yaşamış Şaamir Şaamiryan idi. Kartli çarlığının Rusiyanın himayəsinə keçməsi ermənilərdə  Rusiyanın himayəsi altında erməni dövlətinin və ya heç olmasa birgə erməni-gürcü dövlətinin yaradılması ümidini artırırdı. Kartli-Kaxetiya çarı II İrakli onsuz da Cənubi Qafqazda kifayət qədər güclü və nüfuzlu bir çar idi. Rusiya ilə siyasi yaxınlaşma isə onu daha da gücləndirirdi. Ona görə də ermənilər etnik dövlət axtarışında ilkin mərhələ kimi erməni-gürcü dövlətinin yaradılmasına razılıq verə bilərdilər. Çünki bu yolla ən başlıcası Qarabağ xanlığının siyasi statusu dəyişdirilmiş olurdu. Qarabağ xanlığının ərazisini İbrahim xanın əlindən çıxardıqdan sonra ermənilər gələcəkdə yəqin ki, gürcü-erməni birgə dövlətindən də ayrıla bilərdilər. Hindistan ermənisi Ş.Şaamiryanın II İrakliyə çoxlu sayda qiymətli hədiyyə, gürcü erməni dövlətinin gerbini və müştərək dövlətin proqramını göndərmişdi. Həmin proqrama əsasən II İrakli müştərək dövlətin rəhbəri olmalı idi.
Qeyd etmək lazımdır ki, Kartli-Kaxetiya çarlığının Rusiyanın himayəsinə keçməsi bölgədəki vəziyyəti müəyyən qədər mürəkkəbləşdirdi. Georgi traktatı imzalandıqdan sonra knyaz Potyomkin bütün Azərbaycan xanlarına Gürcüstanın himayəsi altına keçməsi barədə müqavilə imzalandığını bildirdi. Bununla Rusiya bir növ Azərbaycan xanlarına psixoloji təsiri gücləndirdi. Qısa müddət ərzində Krımın, Kubanın və nəhayət Gürcüstanın Rusiyaya birləşdirilməsi Rusiyanın cənuba doğru sürətlə irəliləmək əzmində olduğunu nümayiş etdirir və bu, istər-istəməz Azərbaycan xanlarında da haqlı narahatçılıq doğururdu.
Axalsıx paşası Süleyman paşa da belə bir narahatlıqla İbrahim xana məktub yazaraq rus qoşunlarının artıq Gürcüstana yeridildiyini, Gürcüstan ərazisində yollar çəkildiyini, ora toplar gətirildiyini, ərzaq və digər təminat əşyalarının daşındığını bildirdi. Süleyman paşanın qənaətinə görə, Gürcüstan ərazisində lazımi hazırlıq işləri görüldükdən sonra Rusiya yayın sonunda Azərbaycan xanlıqları və Türkiyə üzərinə hücuma keçəcəkdir. Süleyman paşa məktubunun sonunda İbrahim xanı ehtiyatlı olmağa şağərərdə.
Əslində də İbrahim xanın ehtiyatlanmasına bir ehtiyac var idi. Şünki Rusiyanın öz təcavüzünü pərdələmək üçün əl atdığı ən yaxşı bəhanələrdən biri xanlığın xristian əhalisinin “müsəlman asılılığından azad edilməsi”  ola bilərdi. Qarabağ xanlığının ərazisində yaşayan və erməni kilsəsi tərəfindən qızışdırılan məliklərin və Qandzasar kilsəsinin Rusiya sarayı ilə əlaqəsi isə günü-gündən genişlənməkdə və həmin əlaqələr Azərbaycan xanlıqlarına qarşı təcavüzkarlıq mqaviləsi üzərinə keçməkdə idi.
Erməni xofu ilə İbrahim xana təzyiq göstərməklə Rusiya sarayı sadəcə olaraq onun devrilməsini qarşıya məqsəd qoymamışdı. Rusiyanın qarşınıda dayanan başlıca məqsəd Azərbaycan xanlıqlarını Rusiyanın asılılığına salmaq idi. Bu məqsədə nail olunacağı təqdirdə erməni iddiaları kənara da qoyula bilərdi. Yəni məqsəd ermənilərin etnik dövlətini yaratmaq deyil, məqsəd xanlıqları ələ keçirmək idi. Ona görə İbrahim xanın Rusiyaya meyliliyi barədə  çar sarayında məktub alınanda bundan rus siyasətçiləri məmnun qaldılar. Hətta P.Potyomkin İbrahim xana bildirdi ki, Rusiya himayəsi altına girməsi onun hakimiyyətini daha da möhkəmləndirəcəkdir.
Məlumdur ki, XVIII əsrin sonlarında Azərbaycan xanlıqları çox mürəkkəb tarixi şəraitə düşmüşdülər. Bölgə bir tərəfdən İranın, digər tərəfdən də Rusiyanın müharibələr meydanına çevrilməkdə idi. Hər iki dövlət bu əraziləri öz tərkibinə qatmaq istəyirdi. Osmanlı Türkiyəsi də bölgəyə olan marağını gizlətmirdi. Yaranmış bu tarixi şəraitin təfərrüatına varmadan qeyd etmək lazımdır ki, belə vəziyyətdən baş çıxarmaq bacarıq tələb edirdi. Hər hansı tərəfə müyllənmək yalnız tarixi məcburiyyət üzündən ola bilərdi. İbrahim xanın Rusiyaya tərəf meyllənməsi bu dövlətin siyasətinə bağlılığından və ya ruspərəstliyindən irəli gəlmirdi. Bu meyllilik konkret tarixi şəraitdə siyasi ziddiyyətlərin təhlilindən şıxarılan daha münasib bir qənaət idi. Bu yolla mürəkkəb şəraitdə xanlığı viran olmaqdan qorumaq İbrahim xanı həmin addımları atmağa vadar edənamil idi. Baxmayaraq li, Rusiya sarayında da ermənipərəst mpvqedə dayanan və İbrahim xanı nə yolla olursa-olsun devirərək hakimiyyətə Qarabağ məliklərindən birini gətirmək istəyən qüvvələr var idi. Knyaz Q.Potyomkin belə qüvvələrin təmsilçisi idi. O, İbrahim xanın Rusiya sarı meyllənməsindən heç də xoşlanmırdı. Əksinə, arzulayırdı ki, İbrahim xan Rusiyaya əks getsin və bunu bəhanə edərək xanlığın ərazisinə rus qoşunlarını yeritsin, İbrahim xanı devirsin və xanlığın yerində erməni qurumu yaratsın. Bununla bağlı knyaz Q.Potyomkin çariça Yekaterinaya belə yazırdı: “Onun (erməni dövlətinin-red.) vasitəsiylə Rusiyada siz əlahəzrətin mənim vasitəmlə erməni məliklərinə verdiyiniz vədlərə uyğun xristian dövləti bərpa olunacaqdır” .
II Yekaterina isə knyaz Q.Potyomkindən fərqli olaraq İbrahim xanın Rusiyaya tərəf meyllənməsini maraqla qarşıladı və onun xahişinə müsbət cavab verilməsinə tərəfdar olduğunu bildirdi. Bununla bağlı o, knyaz Potyomkinə belə yazırdı: “İbrahim xana gəldikdə isə onun Rusiya himayəsi altına alınmasında heç bir çətinlik və ya şübhə olmasa ehtimal ki\. İrakli haqqında qəbul edilən qərarı ona da tətbiq etmək olar. Belə olanda siz general Potyomkinə onun Rusiya taxt-tacına tabe olması barədə və onun mənim və mənim vərəsələrimin onun və onun vərəsələri üzərindəki hakimiyyətini tanıyan müqavilə imzalamağı tapşırmağə unutmayın” .
Rusiya çariçasının qənaətinə görə, İbrahim xanın tezliklə Rusiya himayəsi altınaalınması Cənubi Qafqaz hakimlərinin İrakli və İbrahim xanın hərəkətlərindən nümunə götürməyə sövq edə bilərdi. Problemin bu cür həll olunacağı təqdirdə  ermənilərin göstərdiyi bütün səylər, onların Rusiyaya bağladığı ümidlər mənasız bir işə çevrilə bilərdi. Rusiya sarayı ermənilərin ümidlərini qırmağa və onların Rusiya sarayından uzaqlaşmasını istəmirdi. Çünki bu xristian elementi Rusiya sarayı üçün hələ gərək ola bilərdi. Ona görə knyaz Potyomkin ermənilərin Rusiya siyasıtinin bir aləti kimi həmişə istifadəyə hazır saxlanmasını təkidlə Pavel Potyomkindən tələb edirdi. O yazırdı : “Əlahəzrət, erməniləri əzizləyin, onlarda Rusiyaya qarşı mehriban yaxınlıq yaradın ki, şəraitin tələbi və bizim işlərin faydası üçün işlərin görülməsinə həmişə təkidli və hazır olsunlar” .
Ermənilər tezliklə Qarabağa rus qoşunlarının gəlməsi ümidində olsalar da, 1783-cü il ərzində bunun şahidi olmadılar. Səbrləri tükənəndə bir də Rusiya sarayına özlərinin mövcudluğunu xatırlatmaq qərarına gəldilər. Onlar arxiyepiskop İ.Arqutinskiyə növbəti məktub yazdılar. Ermənilər məktubda yenə də bədbəxt vəziyyətlərindən söhbət açır, müsəlmanların ağalığından qurtarmaq istədiklərini bildirirdilər. Onlar İ. Arqutinskidən ermənilərin vəziyyətini Rusiya sarayına çatdırmağı və sarayın onlarla bağlı konkret tədbirlər  həyata keçirilməsinə nail olunmasını xahiş edirdilər. Qarabağ erməniləri İ.Arqutinskiyə məktub yollamaqla bərabər, həm də general P.Potyomkinin yanına öz nümayəndələrini göndərdilər. Erməni nümayəndələri xahiş etdilər ki, Qarabağda xan asılılığından qurtarmaq üçün onlara iki alay kifayət edər. Gürcüstanda olan iki taborun da alayda birləşdirilməsi, habelə Qarabağda olan erməni silahlılarının ayağa qaldırılması ilə qarşıya qoyulan məqsədə çatmaq olardı. P.Potyomkinin yanına gəlmiş Qarabağ xristianlarının nümayəndəsi onu əmin edirdi ki, rus qoşunlarının Qarabağa doğru hərəkəti xəbərini alan kimi Qarabağ məlikləri ən azı beş min döyüşçünü toplaya bilər. Onların arasında həm piyadalar, həm də süvarilər olacaqdı. Məliklərin nümayəndəsi Danil Avanesov onu da əlavə edirdi ki, bölgəyə toplaşan bu hərbi qüvvələr İbrahim xanın devrilməsi üçün kifayətdir. P.Potyomkinə o da çatdırılırdı ki, Rusiya tərəfi Qarabağa göndəriləcək qoşunların dolandırılması məsələsinə görə narahat olmaya bilər. Danilin sözlərinə görə, bir tərəfdən Qarabağ torpağı bərəkətli torpaqdər, digər tərəfdən isə ermənilər ruslar üçün zirzəmilərdə çoxlu miqdarda taxıl və xüsusi hazırlanmış balıq saxlamışlar. Qarabağ ermənilərinin zirzəmisində rus qoşunları çoxlu ərzaq tədarükü görmələrini arxiyepiskop İ.Arqutinski də təsdiq edirdi. Erməni yepiskopu İbrahim xanın Rusiyaya meyl etməsinin onun iştirak və müəllifliyi ilə hazırlanmış müxtəlif proqramların həyata keçməmiş qalmasına səbəb olduğundan kifayət qədər narahatçılıq keçirirdi və bu narahatçılığı aradan qaldırmaq üçün erməni yeparxiyasının yerləşdiyi Həştərxandan Qafqaz qoşunlarınını yerləşdiyi düşərgəyə gəldi. Sonra bir-birinin ardınca P.Potyomkinə bir neçə məktub göndərdi və arzusunda olduğu dəyişiklik baş vermədikdə generaldan xahiş etdi ki, onun Eşmiədzinə yollanmasına, əvvəlcə erməni katalikosu ilə, sonra isə Qarabağ məlikləri ilə görüşməsinə və onlardan lazımi məlumatlar toplanmasına icazə istədi. İ.Arqutinski az qala P.Potyomkinə yalvarırdı ki, ermənilərin dadına yetsin, onları Azərbaycan xanlarının hakimiyyəti altından çıxarsın. P.Potyomkinə göndərdiyi məktubların birində İ.Arqutinski yazırdı ki, siz erməni xalqının qurtuluşunun, ermənilərin minnətdarlığının əlaməti kimi çariça II Yekaterinanın Ararat dağının fonunda portretinin çəkilməsinə səbəbkar olun. İ.Arqutinski bildirirdi ki, ermənilər öz niyyətlərinə çatdıqları halda P.Poryomkin nicat verən bir şəxs kimi ermənilər tərəfindən həmişə şərəfə və şana layiq görüləcəkdir.
İ.Arqutinski İbrahim xanın Rusiyanın himayəsini qəbul etmək istəyindən də çox narahat idi və bunun qarşısının alınması üçün əlindən gələni edirdi. Ancaq buna gücü çatmayanda İ.Arqutinski Rusiya sarayı qarşısında belə bir məsələ qaldırdı ki, əgər İbrahim xan Rusiyanın himayədarlığını qəbul edərsə, onda heç olmasa Qarabağ  məlikləri Qarabağ xanının tabeçiliyindən şıxarılsın. Rusiya sarayı yaxçı bilirdi ki, İbrahim xan məliklərin onun tabeliyindən çıxarılması ilə razılaşmayacaqdır. Belə olduöu təqdirdə İbrahim xan ümumiyyətlə, Rusiyaya yaxınlıq göstərməzdi. Ona görə də İ.Arqutinskinin bu təklifi Rusiya sarayı tərəfindən ciddiliklə qarşılanmadı. Rus tarixçisi N.Dubrovinin yazdığına görə, əslində İ.Arqutinski də məliklərin İbrahim xanın tabeliyindən çıxarılmasının mümkün olmadığını bilirdi. Bununla belə, İ.Arqutinski və onun dindaşları sakitləşmək də bilmirdilər. Qarşıya qoyulan niyyətlərə çatmaq üçün Rusiyanın Cənubi Qafqazı işğal siyasətini əlverişli an kimi qəbul edən erməni kilsəsi və onun tərəfindən təhrik edilən alban katolikosluğu İbrahim xana qarşı məkrli fəaliyyəti daha da gücləndirdilər. Bir-birinin ardınca Rusiya sarayına göndərilən məktublarda İbrahim xan Rusiya sarayına sədaqətsizlikdə, Osmanlı dövləti ilə antirus münasibətləri yaratmaqda ittihamlandırılır və İbrahim xan bölgədə xristian əhalinin və rus siyasətinin başlıca düşməni kimi qiymətləndirilirdi. Rusiyanın işğalçılıq siyasətinin konkret olaraq İbrahim xana qarşı qızışdırılması üçün 1785-ci ilin aprelində Talış, Çiləbörd və Dizak məlikləri, bir sıra digər şəxslər, habelə alban katolikosu Avanes Qandzasar məbədində gizli görüş keçirdilər və onlar bir daha Rusiya sarayına müraciət etməyi qərara aldılar. Növbəti məkrlərinin İbrahim xan tərəfindən faş olunacağından qorxan məliklər heç kəsin diqqətini cəlb etməmək üçün kasıb geyimli birisini hazırladıqları məktubla Rusiya sarayına göndərməyi qərarlaşdırdılar. Cır-cındır geyimli bu şəxs məliklərin imzaladığı məktubu əlindəki əsanın içində gizlətməli idi. Bununla belə, İbrahim xan məliklərin bu hiyləsindən xəbər tutdu. Qandzasar katolikosunun qardaşı erməni kilsəsinin təhriki ilə Qarabağda ruspərəst siyasətə zəmin hazırlayanların fəaliyyətini təqdir etmədiyi üçün qahdzasar kilsəsində keçirilən görüş və göndərilən məktub haqqında İbrahim xana məktub çatdırdı. İbrahim xan dərhal Gəncə katolikosu İsrailə məktub göndərdi və Gəncədən Tiflisə yollanmalı olan qasidin tutulmasınə xahiş etdi. Alban katolikosluğunun erməni kilsəsinin təhriki və təzyiqi ilə separatçılıq siyasətinə qoşulmasını dəstəkləməyən Gəncə katalikosu israil İbrahim xanın xahişinə əməl etdi və Qarabağdan səfərə çıxan qasidi həbs edərək İbrahim xana təhvil verdi. Qasidin apardığı məktubun məzmunu ilə tanış olandan sonra İbrahim xan ona qarşı satqınlıq və separatçılıq yolu tutan Talış, Çiləbörd və Dizak məliklərini, habelə Qahdzasar katolikosunu həbs etdirdi .
Erməni arxiyepiskopu İ.Arqutinskinin  general P.Potyomkinə göndərdiyi məktubundan aydın olur ki, baş verən hadisədən sonra İbrahim xan Qarabağın xristian əhalisinin sayılanları ilə söhbətlər aparmış və onları çirkin əməllərindən çəkindirməyə çalışmışdı. Xristian əhali də bu çağırışı qəbul edərək xana qulluq etməyə hazır olduqlarını bildirmişdilər. Erməni arxiyepiskopunun məktubunun əsasını isə Qarabağın xristian əhalisinin İbrahim xana xidmət etməyə hazır olmalarını çatdırmaq deyil, Rusiya qoşunlarını yenidən Qarabağa çağırmaq təşkil edirdi. İ.Arqutinski Qarabağ məlikləri adından P.Potyomkini əmin etmək istəyirdi ki, əgər onun rəhbərliyi altında  rus qüvvələri heç olmasa Gəncəyə qədər irəliləyə bilsəydi, Qarabağ məlikləri bu qüvvələrlə birləşəcək, sonra da bu birləşmiş qüvvələr Qarabağ xanlığını da, möhkəmləndirilmiş Şuşa qalasını da ələ keçirə biləcək.
1787-ci ildə Osmanlı dövləti ilə Rusiya arasında yenidən müharibə başlanması Rusiyanın Cənubi qafqazdakı mövqeyini kifayət qədər zəiflətdi. Qarabağ məlikləri isə Rusiyanın ümidində olduğu hərbi yardımından məhrum olduları. Qarabağın Rusiya tərəfindən işğalını səbirsizliklə gözləyən və İbrahim xana qarşı Rusiya ilə birləşməyə hazır olan bəzi məliklər çirkin oyunlarının haqlı cəzasına çatacaqlarından qorxaraq xanlıq ərazisin tərk etdilər və Tiflisə pənah gətirdilər. İbrahim xan məliklər üzərində nəzarəti ciddiləşdirməklə  xanlıq daxilindəki hakimiyyətini kifayət qədər möhkəmləndirməyə nail oldu.
Tiflisə qaçmış olan keçmiş Çiləbörd məliyi məlik Məjlum və Talış məliyi məlik Abov öz mülklərini itirsələr də, Rusiyanın Qarabağa qoşun çıxaracağına ümidlərini kəsməmişdilər. Rusiyanın Qarabağa marağənı yenidən qızışdırmaq, İbrahim xanın Rusiyaya sədaqətsizliyinə inandırmaq üçün əllərinə düşən hər imkandan istifadə etməyə çalışırdılar. Onlar yenidən rus qoşunları komandanlığına məktubla müraciət etdilər, Rusiyaya göstərdikləri sədaqətə görə İbrahim xan tərəfindən cəzalandırıldıqlarını yazdılar və yenidən rus q     üvvələrinin Qarabağa göndərilməsi barədə məsələ qaldırdılar. Keçmiş məliklər rus komandanlığını inandırmağa çalışırdılar ki, Qarabağda Rusiyanın möhkəmlənməsi Qarabağdakı məliklərlə iş birliyindən asılıdır. Keçmiş məliklər eyni zamanda gürcü çarı İrakliyə müraciət etdilər, kömək göstərəcəklərini vəd etməklə onu da İbrahim xana qarşı qızışdırmağa çalışdılar. Amma İrakli keçmiş məliklərin məkrlərinə inanmadı. Əksinə, İbrahim xanın keçmiş məliklərlə bağlı xahişinə müsbət cavab verməyi qərarlaşdırdı. Belə ki, İbrahim xan keçmiş məliklərin Tiflisdə Qarabağ xanlığına qarşı təxribatlarını davam etdirmələrini eşidincə İrakliyə məktub göndərdi və həmin məliklərin tutularaq təhvil verilməsini xahiş etdi. Gürcü çarı bu xahişi qəbul etdi. Lakin onun erməni xidmətçiləri keçmiş məlikləri vaxtında məsələdən xəbərdar etdi. Onlar da həbs edilməzdən əvvəl qaçıb canlarını qurtardılar.
Keçmiş məliklər Gəncə xanlığı ərazisinə qaçdılar və onlar cavad xanla İbrahim xan arasında gərgin münasibətlərin olmasından istifadə edərək Gəncə xanının himayəsini qazana bildilər. Başlıca vəzifələrini Qarabağ xanlığı ərazisinə talançı yürüşlər etməkdə görən bu məliklər arasında bir müddətdən sonra qarşıdurma yarandı. Həmin qarşıdurmanın nəticəsi kimi Bolnisiyə qaçan məlik Abov sonradan İbrahim xandan aman dilədi və onun razılığı ilə yenidən Qarabağa qayıtdı.

Комментариев нет:

Отправить комментарий