понедельник, 5 марта 2012 г.


İran-Ermənistan iqtisadi münasibətləri

İranla Ermənistan arasında iqtisadi münasibətlər Ermənistanın öz müstəqilliyini elan etməsindən dərhal sonra başladı. Konkret tarixi şəraitdə bu əlaqələrin genişlənməsi Ermənistan üçün son dərəcə böyük əhəmiyyət kəsb edirdi. Bir tərəfdən Azərbaycan və Türkiyə ilə gərgin münasibətlərin mövcudluğu və Ermənistanın ağır iqtisadi durumda olması, digər tərəfdən də sosialist iqtisadiyatının dağılması İranla iqtisadi münasibətlərin yaradılmasının əhəmiyyətini daha da artırırdı. Yuxarıda qeyd edildiyi kimi, 1992-ci ilin birinci yarısında Ermənistan xarici işlər nazirinin, sonra isə Ermənistan prezidentinin İrana səfəri zamanı imzaladıqları sənədlər iki ölkə arasında iqtisadi münasibətlərin qurulması üçün zəmin yaratdı.
İranla yaradılan və inkişaf etdirilən iqtisadi münasibətlər Ermənistanı bir sıra iqtisadi bir sıra iqtisadi çətinliklərini həll etdi. Təsadüfi deyil ki, erməni dairələri Ermənitanla İran arasındakı yolu "həyat yolu" adlandırırlar.
Xüsusilə, İran tərəfinin ikitərəfli iqtisadi münasibətlərin genişlənməsi üçün əlverişli zəmin yaratması mal dövriyyəsini  artmasına da təkan verdi. Məhz bunun nəticəsi idi ki, 1992-ci ildə İran Rusiyadan sonra Ermənistanın ikinci ticarət tərəfdaşına çevrildi.
Ötən illər ərzində iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq qurulması üçün iki ölkə arasında çoxlu sayda sənədlər imzalanmışdır. Buy sənədlər aşağıdakı sahələri nəzərdə tutur: iqtisadiyat və ticarət sahəsində əməkdaşlıq, bank sahəsində əməkdaşlıq, Araz üzərində körpü salınması sahəsində əməkdaşlıq, iki ölkə sərhədində gömrük işinin qurulması sahəsində əməkdaşlıq, poçt və rabitə sahəsində əməkdaşlıq, hava və yol daşımaları sahəsində əməkdaşlıq, elmi sahədə əməkdaşlıq, ərzaq mallarının mübadiləsi sahəsində əməkdaşlıq və s.
Yuxarıda qeyd edildiyi kimi, iki ölkə arasında xeyli sayda sənədlər imzalanmışdır ki, onların da çoxu iqtisadi məsələləri əhatə edir. Bu sənədlərin icrasına daha yaxşı nail olunması üçün iki ölkə arasında  dövlətlərarası iqtisadi komisiyadan əlavə çoxlu sayda ikitərəfli komitə və komissiyalar da yaradılmışdır. Onlardan aşağıdakıları göstərmək mümkündür: Qaz xəttinin maliyyələşməsinin təmin edilməsi üzrə komitə, daşınma sahəsində əməkdaşlıq komitəsi, sənaye üzrə komitə, üçtərəfli iqtisadi əməkdaşlıq komitəsi, bank  əməkdaşlığı üzrə komitə, enerji komitəsi və s.
Əldə edilmiş razılaşmaya əsasən, iki ölkə arasında iqtisadiyyatın çox müxtəlif sahələrində əməkdaşlıq qurulmaqdadır. İndi Ermənistan bazarında İranda istehsal edilmiş tikinti materialları, bitki yağları, şüşə materialları və s. məhsulları daha çox görmək mümkündür .
 Kənd təsərrüfatı sahəsində də ikitərəfli əməkdaşlıq qurulmuşdur. İranın şimal vilayətləri və o cümlədən Mazandaran vilayti ilə kənd təsərrüfatı sahəsində yaxşı əlaqələr mövcuddur. Hazırda Ermənisran Mazandaran vilayətindən maldarlıq və bağça məhsulları idxal edir. Mazandaran vilayət rəsmiləri hətta Ermənistanda 15 milyon ABŞ dolları məbləğində süd məhsulları zavodu tikməyi öhdəsinə götürmüşdür. İran isə Ermənistandan ildə 8 min ton mal əti almağa razı olmuşdur .
İki ölkə arasında qarşılıqlı investisiyanın stimullaşdıdılması, ikiqat vergidən azad olma, gömrük və ticarət əməkdaşlığı sahəsində imzalanan sənədlər də ikitərəfli əlaqələrə yaxşı zəmin yaradır. 2008-ci ilin dekabrında İranın xarici işlər naziri M.Mottəki İran-Ermənistan  iqtisadi əməkdaşlığını qiymətləndirərkən bildirirdi ki, İran tərəfi Ermənistanda sənaye layihələrinin həyata keçirilməsi və əməkdaşlığın genişləndirilməsinə yönələn istənilən planı alqışlayır və dəstəkləyir .
İran-Ermənistan iqtisadi münasibətlərində aşağıdakı iki sahə Ermənistan üçün xüsusi strateji əhəmiyyət kəsb edir: a) nəqliyyat sahəsindəki əməkdaşlıq; b) yanacaq-energetika sahəsində əməkdaşlıq. Bu sahələr tərəflərin rəsmi görüş və müzakirələrində bir qayda olaraq  həmişə diqqət mərkəzində olan məsələlərdir. Çünki bu məsələlər hər iki tərəf üçün adi iqtisadi əməkdaşlıqdan daha geniş əhəmiyyət kəsb edən məsələlərdir.
a) Nəqliyyat
Sovet dövründə Ermənistanın İranla quru əlaqələri yox idi. Bu əlaqələr Naxçıvan üzərindən həyata keçirilə bilərdi. Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin bağlılığı bu əlaqələri mümkünsüz edirdi. İranın fəal iştirakı ilə 1992-ci ildə Ermənistanın Mehri yaşayış məntəqəsində Araz çayı üzərindfə müvəqqəti körpü salındı.
Bu körpü daşınmaların geniş şəkildə həyata keçirilməsinə imkan vermirdi. Ona görə də 1994-cü ildə Araz çayı üzərində daimi körpünün tikintisinə başlandı və 1996-cı ildə bu körpünün açılışı oldu. Bu körpünün işə salınması ilə Ermənistan yolları İranın yollar şəbəkəsinə birləşdirildi və Ermənistan quru yolla həm Fars körfəzinə, həm də İranla qonşu olan dövlətlərə çıxmaq imkanı əldə etdi .
Qeyd etmək lazımdır ki, hazırda İranla Ermənistan arasında yük daşımaları əsasən quru yolla baş verir və  ona görə də avtomobil nəqliyyatının bu ölkələ\rin iqtisadi əməkdaşlığında  böyük yeri vardır.
 İran tərəfi Ermənistanın quru yollarının təmirində, tikintisində, tunel salınmasında da iş.tirak edir. Lakin aydındır ki, quru yolları ilə daşınmalar baha başa gəlir və bu yollar tranzit imkanlarını da zəiflədir. Ona görə artıq neçə illərdir ki, İran və Ermənistan dəmir yolu xətlərinin birləşdirilməsi haqqında müzakirələr aparılmaqdadır. Belə güman edilir ki, iki ölkə arasında dəmir yolu xəttinin çəkilməsi ilə: a) iki ölkə arasında daşınmalar artacaq və daşınmaların maya dəyəri aşağı düşəcək; b) hər iki tərəfin tranzit imkanları artacaq. Çünki Ermənistanda belə bir məsələyə diqqətlə yanaşırlar ki, İran yüklərini yeni dəmir yolu  vasitəsilə Gürcüstana və Qara dəniz sahillərinə daşımaq olacaq və bununla da Ermənistan əlavə gəlirlər əldə edəcəkdir.
2006-cı ildən İran-Ermənistan dəmir yolu ideyası ortaya atıldı və 2007-ci ildə bu  məsələ ilə bağlı iki ölkə arasında ilk memorandum imzalandı. Həmin memoranduma əsasən, tərəflər dəmir yolu xəttinin çəkilməsinin məqsədəuyğunluğunu araşdırmalı idilər .
2008-ci ilin martında Ermənistan prezidenti seçilən Serj Sarkisyan öz xalqına elə ilk müraciətində İran-Ermənistan dəmiryolu xəttinin çəkilməsini ölkəsinin prioritet vəzifələrindən biri kimi qiymətləndirdi . 2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arasında baş verən hadisələrdən sonra Gürcüstanla Rusiya sərhədi qapandı. Bunun nəticəsim kimi, Ermənistanın əsas ticarət tərəfdaşı olan Rusiya ilə dəmir yolu əlaqələri də kəsildi. Bu vəziyyət də Ermənistan-İran dəmir yoluna olan diqqəti xeyli artırdı.
İdeya ortaya atılandan sonra İran-Ermənistan dəmir yolu xəttinin tikilməsinin mümkünlüyü araşdırılmağa başlandı. Belə bir qənaətə gəlindi ki, adı çəkilən layihəni üç marşrut üzrə həyata keçirmək mümkündür. Müvafiq olaraq bu marşrutların uzunluğu 397 km, 443 km və 449 km-dır. İran tərəfində isə təxminən 80 kilometrlik bir yol çəkilməlidir. Ermənistan mütəxəssisləri daha çox birinci marşruta üstünlük verirlər .
Qeyd etmək lazımdır bu marşrutların hamısı çox mürəkkəb dağlıq şəraitdən keçir və hər bir marşrutda onlarca böyük tunellər tikilməlidir. Hazırda mütəxəssisləri  daha çox düşündürən də təxminən 500 kilometrlik marşrutun çox mürəkkəb şəraitdən keçməsidir ki, bu da tikinti işlərini çox çətinləşdirə bilər.
2008-ci il iyun ayının 1-dən etibarən Ermənistan dəmir yolları Rusiyanın Cənubi Qafqaz  dəmir yolları şirkətinə icarəyə verilibdir. Bu məqam da belə bir sual doğurdu ki, Ermənistan dəmir yolları icarəyə verilibsə onda İran-Ermənistan dəmir yolu xəttini kim çəkəcək?  Lakin tezliklə Rusiya rəsmiləri İran-Ermənistan dəmir yolu xəttinin çəkilməsində maraqlı olduqlarını bəyan etdilər və hətta bu məsələ 2008-ci ilin payızında Rusiya və Ermənistan prezidentlərinin Soçidəki görüşündə də müzakirə obyekti oldu. Layihənin icrası ilə bağlı Rusiya, Ermənistan və İran nəqliyyat nazirləri müavinlərindən ibarət işçi qrupu da yaradıldı .
2008-ci ilin Gürcüstan hadisələrindən sonra Türkiyənin Cənubi Qafqazda fəallaşması İran-Ermənistan dəmir yolu layihəsi ətrafında müzakirələrin də fəallaşmasına təkan verdi. Politoloqların fikrincə İran-Ermənistan dəmir yolu xətti Bakı-Tibilisi-Qars dəmir yolu xəttinə alternativ olmaqla. İranla Ermənistanın Cənubi Qafqazdakı mövqelərini də möhkəmləndirə bilərdi.
2009-cu ilin aprelində Ermənistan prezidentinin İrana səfəri zamanı bu ölkələrin nəqliyyat nazirləri tərəfindən İran-Ermənistan dəmir yolu xətti layihəsinin həyata keçirilməsi ilə bağlı yeni bir memorandum imzalandı . Başqa sözlə, hər iki dövlətin rəhbərləri İran-Ermənistan dəmir yolu xəttinin çəkilməsinə bir  daha öz dəstəklərini nümayiş etdirdilər.
Bununla belə, geniş müzakirələrə və reklamlara baxmayaraq İran-Ermənistan dəmir yolu xətti layihəsinin icrasına hələ də başlanmayıb. Hətta 2009-cu ilin iyununa nəzərdə tutulan üçtərəfli işçi qrupunun iclası da baş tutmadı. Bu iclas bir də iyul ayının sonlarında keçirildi.
Bunun əlbətdə ki,  öz səbəbləri vardır. Əvvəla , bu layihə çox bahalı bir layihədir.  İlk vaxtlar bu layihənin 1 mld dollar, 1-1.2 mld dollar, 1.2-1.5 mld dollar, sonra 2 mld dollar və nəhayət 2-2.5 mld dollar olacağı bildirildi . Bu hələ son rəqəm deyil. Layihənin dəqiq qiymətləndirilməsi aparılarsa onun xərcinin daha da artacağını istisna etmək olmaz. Doğrudur, Asiya bankı ilə Ümumdünya bankı bu layihəyə maraq göstərsələr də, hələ də konkret bir qərar ortaya qoyulmamışdır. Layihənin icrası müddəti haqqında da müxtəlif proqnozlar söylənilir. Ən yaxşı proqnoz 5 ili əhatə edir.
Digər tərəfdən layihənin iqtisadi səmərəliliyi hələ də şübhə doğurur. Ermənistanlaİran arasındakı ticarət dövrüyyəsinin aşağı olması bu layihənin səmərəli olacağına əminlik bermir. Bu layihə yalnız Ermənistandan keçən dəmir yolunun beynəlxalq yollara qoşulacağı təqdirdə iqtisadi baxımdan səmərəli ola bilərdi. Amma bir çox mütəxəssislər İran-ermənistan dəmir yoluna alternativ hesab edilən Qəzvin-Rəşt-Astara dəmir yolunun daha cəlbedici olduğunu qeyd edirlər. Çünki daha az xərc çəkməklə İran bu marşrut üzrə şimala daha səmərəli bir marşrut əldə edə bilər . Bu isə İran-Ermənistan dəmir  yolu layihsinin əhəmiyyətini azalda bilər.
Ermənistan hökuməti 2009-cu ilin sonlarında İran-Ermənistan dəmir yolu xəttinin tikintisinin başlanması arzusunda olduğunu bildirdi. 2009-cu ilin sonlarına yaxın Ermənistanın nəqliyyat naziri Qurgen Sarkisyan bəyan etdi ki, İranla ermənistan arasında hava sərnişin daşımaları  sahəsində də əməkdaşlıq qurulmuşdur və İran təyyarələri həftə ərzində bir neçə dəfə Tehran-İrəvan teysi ilə uçuşlar həyata keçirirlər.
Ardi var...

Комментариев нет:

Отправить комментарий